“Təəssüf ki, vətəndaşlarımız “Nağd pul ofis”lərinin fəaliyyəti barədə məlumatsız olduğu üçün onlar zədələnmiş və tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı çətinliklə üzləşirlər. Bəzi hallarda isə vətəndaşlarımız yararsız hala düşmüş pul əsginaslarını daha aşağı dəyərlə fərdi şəxslər vasitəsi ilə dəyişdirirlər. Halbuki pulun yararsız hala düşməsi onun tam dəyərdə dəyişdirilməsi üçün hər hansı bir maneə yaratmır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) zədələnmiş və tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı əhalinin müraciətlərinin operativ şəkildə qarşılanması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə “Nağd pul ofis”lərinin fəaliyyətini davam etdirir: “Yarasız hala düşmüş pulları asanlıqla “Nağd pul ofis”lərində yenisi ilə əvəzləmək mümkündür. Qeyd etmək lazımdır ki, vətəndaşlarımız yararsız pul nişanlarını yalnız Bakıda deyil, həmçinin də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə müraciət edərək dəyişdirə bilərlər. Yararsız pul əsginasların dəyişdirilməsi zamanı heç bir ödəniş nəzərdə tutulmayıb.
Qanunvericiliyə əsasən, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir.
Digər tərəfdən, bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.
Buna görə də, yararsız pul nişanlarınız varsa, onu aşağı dəyərə dəyişdirməyin, qeyd edilən idarələrə müraciət edərək tam məbləği almaqla onları əvəzləşdirə bilərsiniz”.