“Avropa Parlamenti siyasi qurumdur və üç prinsipin həyata keçirilməsini təmin etməkdə ardıcıl olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metzola Strasburqda Ermənistan Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı bildirib.
AP rəhbəri jurnalistin Avropa Birliyinin Azərbaycana qarşı sanksiya tətbiq edib-etməyəcəyi ilə bağlı sualına belə cavab verib:
“Təsadüfi deyil ki, bu parlament belə hesabatları qəbul edib və tezliklə sülh danışıqlarına başlamağa çağırıb”.
Metzola həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyanın razılaşdırdığı və oktyabrın sonunda Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçiriləcək görüş faktını alqışlayırlar.
“Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiya kanallarının açılması, humanitar problemlərin həlli baxımından sülh danışıqları bizim üçün vacibdir. Son bir ayda baş verən hadisələr çox narahatedicidir, ona görə də biz sülhə və humanitar müdafiəyə çağırırıq”, - Metzola bildirib.
Beləliklə, AP rəhbəri sanksiya məsələsinin gündəmlərində olmadığına eyham vurub.