“Milli Məclis “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Bütövlülkdə bu sahənin əməli tənzimlənməsi cəhdi təqdirəlayiqdir. Çünki hazırda qüvvədə olan eyni adlı qanun heç nəyi tənzimləmir. Hər yerindən duran qiymətləndirici kimi fəaliyyət göstərir, istədiyi rəyi və qiyməti verir. Bəzən görürsən ki, eyni əmlaka fərqli qiymətləndiricilər tərəfindən verilmiş qiymətlər arasında ciddi fərq olur”.
Teleqraf.com xəbər verir ki, bunu bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.
O qeyd edib ki, təqdim olunmuş qanun layihəsinə görə, bütün qiymətləndiricilər Qiymətləndiricilər Palatasının üzvü olmalıdır:
“Palata qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsi olacaq. Vəkillər Kollegiyası və Mediasiya Şurası kimi. Əslində, bu qurumların publik hüquqi şəxs statusuna malik olması daha məqsədəuyğun olardı. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan təşkilatdır. Qiymətləndiricilər Palatasını da dövlət yaradır. İctimai birlik deyil, çünki orada üzvlük məcburidir və sözügedən sahədə digər analoji təşkilat yaradıla bilməz.
Beləliklə, Qiymətləndiricilər Palatası faktiki olaraq inhisarçı olacaq. Qarşıya qoyulan məqsəd baxımdan bunun özü problem deyil. Əsas odur ki, qiymətləndiricilərin fəaliyyətində qayda-qanun olacaq, onlar özbaşınalıq edə bilməyəcək, etdikdə məsuliyyətə cəlb olunacaq və sair”.
Əkrəm Həsənovun sözlərinə görə, Palatanın müəyyən qiymətləndiricilər qrupunun əlinə keçmə təhlükəsi var: “Bu halda onlar mənfi mənada inhisarçı olacaq: rəqiblərini bazardan çıxarmağa çalışacaqlar, onların (dövlət qurumlarından gələn sifarişin) dediyi ilə oturub-durmayan (məsələn, obyektiv deyil, onlara lazım olan qiymət haqda rəy vermədikdə) qiymətləndiricilər cəzalandıracaqlar və s. Bunun baş verməməsi üçün Palata real olaraq fəaliyyətini özünüidarəetmə prinsipi əsasında qurmalıdır. Orada demokratiya olmalıdır.
Məsələn, layihənin 20.1-ci maddəsinə əsasən Palatanın 9 üzvdən ibarət olan Rəyasət Heyəti Palatanın üzvlərinin ümumi yığıncağında açıq səsvermə yolu ilə 5 il müddətinə seçiləcək. Əlbəttə, bəzən açıq səsvermə yolu ilə də seçilən rəhbərlik demokratik olur. Amma əksər hallarda avtoritarlığa meylli olur. Əksəriyyət açıq səsvermə zamanı həqiqi iradəsini ifadə etməkdən çəkinir. Buna görə də səsvermə formal prosedura çevrilir, hamı bir nəfər kimi bütün qərarların “lehinə” səs verir.
Bu cür peşə birliyi xarakterli qurumlarda bunun ehtimalı daha yüksəkdir. Çünki fərqli cür səs verən sözün əsl mənasında çörəyindən məhrum ola bilər. Onu hansısa bəhanə ilə təşkilatdan qova bilərlər. Buna görə də səsvermənin mütləq olaraq gizli olması lazımdır ki, hansısa qiymətləndiricilər qrupu (və ya konkret şəxs) qiymətləndirmə bazarında at oynatmasın”.