26 Oktyabr 2023 13:15
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkə iqtisadiyyatını şaxələndirilmiş və dayanıqlı etmək üçün atılan addımlar nəticəsində neftdən asılılıq azalıb. Xüsusilə dövlət büdcəsinin mədaxil hissəsinin formalaşmasında qeyri-neft sənayesindən daxilolmalar artıb”.

Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Mahir Abbaszadə deyib.

Deputat ölkədə iqtisadi inkişafın yüksək templə davam etdiyini bildirib: “Dövlət başçısının da qeyd etdiyi kimi, iqtisadiyyatın şaxələndirilməsi qeyri-neft sektoruna daha çox investisiya cəlbini tələb edir. Doğrudur, müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatında neft və qaz məhsulları mühüm yer tutmuşdu. Amma ölkə rəhbərinin apardığı iqtisadi islahatlar nəticəsində qeyri-neft sektoru sürətli inkişaf mərhələsi keçməkdədir.

Bu istiqamətdə Azərbaycanda yaradılan sənaye məhəllələri iqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi baxımından vacibdir. Bu xüsusda Sumqayıt Kimya Sənaye Parkı birinci yerdə dayanır. Bu Parkda indiyə qədər Azərbaycan iqtisadiyyatı üçün vacib sayılan ixrac qabiliyyətli, dövlət büdcəsinə əlavə gəlir gətirən müəssisələr açılıb istifadəyə verilib.

Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak etdi. Bu Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi var. İdxalı əvəzləyən ixrac məhsullarının istehsal edilməsi ölkədən xaricə valyuta axınının qarşısını alır. Ölkə iqtisadiyyatını şaxələndirilmiş və dayanıqlı etmək üçün görülən tədbirlər neftdən asılılığı azaldıb.

Hər il dövlət büdcəsini qəbul edərkən görürük ki, ölkə iqtisadiyyatı bu istiqamətdə aparılan siyasətə artıq öz nəticəsini verib. Xüsusilə dövlət büdcəsinin mədaxil hissəsinin formalaşmasında qeyri-neft sənayəsindən gələn gəlirlər ilbəil artır. Bütün bunlar Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azalmasını təmir edir. Bu, eyni zamanda ölkə iqtisadiyyatının şaxələndirilmiş formada inkişaf etdiyinin göstəricisidir”.

Mahir Abbaszadə qeyd edib ki, iqtisadiyyat inkişaf etdikcə vətəndaşların sosial rifahı da təmin olunur: “Dövlət büdcəsi tərtib edilərkən onun sosial yönümlü olması nəticəsində orta aylıq əməkhaqqının və pensiyaların artırılmasına nail olunur. Bununla yanaşı ölkədə yoxsulluğun azaldılması, əhalinin məşğulluq imkanlarının, gəlirlərinin və işsizliyin aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülür. Bu nöqteyi-nəzərdən Sumqayıt Kimya Sənaye Parkında yeni açılan və təməli qoyulmuş müəssisələr vətəndaşların işlə təminatını yüksək səviyyədə qarşılamaq üçün bir üstünlükdür”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər