“Bu ilin ilk 9 ayıda Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 32.1 faiz artaraq 1.535 milyon nəfərə çatıb”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, gələnlərin sayı Çindən - 8,2 dəfə, Cənubi Koreyadan - 3,4 dəfə, Türkmənistandan - 2,9 dəfə, Hindistandan - 2,1 dəfə, Polşadan - 2,0 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Misirdən - 1,8 dəfə, Filippindən - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Bəhreyndən - 1,6 dəfə, Belarusdan - 1,6 dəfə, Moldovadan - 1,6 dəfə, Özbəkistandan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, İtaliyadan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, ABŞ-dan - 41,4 faiz, Kanadadan - 41,1 faiz, İsraildən - 34,6 faiz, Gürcüstandan - 31,7 faiz, Niderlanddan - 30,2 faiz, Böyük Britaniyadan - 26,3 faiz, Küveytdən - 24,0 faiz, Fransadan - 23,2 faiz, Almaniyadan - 20,6 faiz, Türkiyədən - 20,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 11,6 faiz, Ukraynadan - 8,6 faiz artıb.
İqtisadçının qənaətincə, Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda əvvəlki illərlə müqayisədə dəyişiklik qeydə alınır: “Avropalıların sayı artır, ərəb turistlərinin səfərləri azalır. Körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz azalsa da, Avropa İttifaqından gələnlərin sayı 39,5 faiz artıb.
Ərəb turistlərinin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir. Avropadan gələnlərin sayının artması isə pandemiyadan sonra köhnə qitənin getmə turizmə istəyin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır. Eyni zamanda, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağın artması müşahidə olunur”.
Vüqar Bayramov deyir ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur: “Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlərlə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər”.