Toy mövsümü olmasına baxmayaraq, qızıl ticarəti ilə məşğul olanlar alverin zəif getməsindən şikayətçidir
Azərbaycanda qızıl məmulatları bahalaşıb. Ötən həftədən paytaxtın böyük ticarət mərkəzlərində satılan qızılın qiymətində xeyli artım müşahidə edilir. Artımın 25-30 faizədək olduğu bildirilir. Buna səbəb Vergi Məcəlləsində edilmiş son dəyişikliklər əsas gətirilir.
Qeyd edək ki, iqtisadçılar da bir müddətdir ölkəmizdə qızılın bahalaşacağını qaçılmaz hesab edirdilər. Buna səbəb dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan analoji məhsulların xərcinin yüksəlməsi, bununla yanaşı, yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılması göstərilirdi.
“Vergi Məcəlləsində dəyişikliklər haqqında” qanuna görə, Azərbaycana idxal olunan platin, qızıl, qızıldan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza da aksiz vergisi tətbiq edilib. Verginin məbləği platinin hər qramına, qızılın və ondan hazırlanmış zərgərlik və məişət məmulatlarının hər troya unsiyasına, habelə bərkidilmiş almazın hər karatına görə müəyyənləşdirilir.
Qanuna əsasən, idxal zamanı yeni aksizli mallara aşağıdakı aksiz dərəcələri tətbiq edilir: qızılın min çəki vahidindəki miqdarı 375 olduqda aksiz dərəcəsi hər qrama görə 0,8 manat, 500 olduqda hər qrama görə 1 manat, 585 olduqda hər qrama görə 1,2 manat, 750 olduqda hər qrama görə 1,5 manat, 958 olduqda hər qrama görə 1,8 manat, 999 olduqda hər qrama görə 2 manat.
Bundan başqa, idxal edilən emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün aksiz dərəcəsi 200 manat olmaqla iki cür hesablanır.
Əgər idxal olunan almazın bir ədədinin miqdarı 1 karatdan aşağıdırsa, aksizin məbləği almazın karatının miqdarına mütənasib olaraq azalır. Almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olsa, aksiz məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır: 1 karatdan 2 karatadək olduqda - 2,0; 2 karatdan 3 karatadək olduqda - 3,0; 3 karatdan 4 karatadək olduqda - 4,0; 4 karatdan 5 karatadək olduqda - 5,0; karat 5-dən yuxarı olduqda - 10,0.
İqtisadçı Vüqar Bayramov deyir ki, təkcə Azərbaycanda deyil, dünya bazarında da qiymətli metal bahalaşır. Onun sözlərinə görə, qızılın qiyməti dünya bazarında son ayların ilk rekorduna imza atıb: qiymətli daş-qaşın qramının qiyməti yüksələrək son 5 ayda ilk dəfə psixoloji 40 dollarlıq həddi yenidən keçib: “İndi dünya bazarında qızılın 1 qramı 40.65 dollara, unsiyası isə 1265 dollara təklif edilir. Dəyərini son günlər 2 faiz artıra bilən qızıl son ayda 6 faiz bahalaşıb”.
Vüqar Bayramovun sözlərinə görə, qızıla tələbatın artması onun dünya bazar qiymətinin yüksəlməsinə gətirib: “Son aylar bir sıra ölkələr, o cümlədən Çin, Qazaxıstan, Türkiyə, Hindistan, hətta Rusiya öz ehtiyatlarının bir hissəsini qızıla çevirmək qərarına gəliblər. 24.7 ton qızıl alan Qazaxıstan Mərkəzi Bankı öz qızıl ehtiyatlarını 181.9 tona çatdırıb.
MDB-nin digər üzvü olan Rusiya isə 7.23 ton qızıl alaraq öz ehtiyatlarını 1113 tona yüksəldib. 2012-2014-cü illərdə qızılın dünya bazar qiymətinin azalması və yeni qlobal iqtisadi böhran qorxusu inkişaf etməkdə olan ölkələrdə qızıla tələbatı artırıb.
Qızılın qiymətinin artmasının digər səbəbi isə neft və valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az riskli istiqamətə yönəltməsi ilə bağlıdır".
Ekspert deyir ki, qızılın qiymətindəki artım tempinin davam edəcəyi proqnozlaşdırılsa da, hələlik kəskin yüksəliş gözlənilmir. Bununla belə, 2015-ci ildə bütövlükdə qızılın dəyər qazanacağı proqnozlaşdırılır.
Qəribə də olsa, dünya bazarında baş verənlərin əksinə olaraq yerli bazarlarda ucuzluqdur. Bunun səbəbi isə alıcı qıtlığıdır. Toy mövsümü olmasına baxmayaraq, satıcılar və qızıl ticarəti ilə məşğul olanlar alverin zəif olduğundan şikayətçidir.
Alıcı kasadlığını paytaxtın iri qızıl dükanlaraına baş çəkməklə də aydın görmək olar.
“Gənclik” qızıl mağazasının Nailə adlı satıcısı deyir ki, qızılın qiymətinin yüksəlməsi barədə deyilənlərin hazır məmulatlara təsiri yoxdur: “Bizdə satışda olan neçə ay bundan əvvəl aldığımız məhsullardı. O vaxt hansı qiymətə almışıqsa, ona müvafiq qiymətə də satırıq. Əksinə köhnə modellər var ki, onlara böyük endirimlər edirik. Qiymətlərə baxsanız, ucuzlaşma daha çoxdur, nəinki bahalaşma. Alıcılar azdır, çox az. Qiymətin düşməsi bununla da bağlı ola bilər”.
Elə həmin mağazada zərgər işləyən Rasim Əliyev də qızılın ucuzlaşdığını bildirdi. Zərgər əvvəlki qiymətlərlə müqayisədə hazırda 10-15 manat fərq olduğunu dedi: “Elə ölkələr var ki, oradan gətirilən qızılların qiymətində 20 manatadək ucuzlaşma müşahidə olunur. Bu, əsasən Dubaydan, Türkiyədən gətirilən məhsula aiddir. Baxsanız, görərsiz ki, alıcılar daha çox Türkiyə və Dubay, bir qədər imkanlı təbəqə isə İtaliya qızıllarına üstünlük verir”.
Söhbətləşdiyimiz bir neçə satıcı qızılın qiymətinin dünya bazarında artmasının bir müddət sonra yerli bazarlara təsir edəcəyini dedilər. Bahalaşmanın ölkəyə gətirilən yeni çeşid qızıl məmulatlarının yeni qanunvericiliyə uyğun olaraq satışa çıxarılanda baş verəcəyi bildirilir.
Naibə QURBANOVA