“Bakı Fond Birjası“ QSC-nin (BFB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
Teleqraf.com BFB-yə istinadən xəbər verir ki, yığıncaqda Birjanın İdarə Heyətinə (İH) yeni sədr seçilib.
Bu, Ruslan Xəlilovdur. O, səlahiyyətlərinin icrasına gələn ilin yanvar ayından başlayacaq.
Xatırladaq ki, BFB-nin keçmiş sədri Vüqar Namazov 2019-cu ilin may ayında işdən çıxıb, hazırda "Unicapital İnvestisiya Şirkəti" ASC-yə rəhbərlik edir. Bu müddətdə Birjaya isə müvəqqəti olaraq Eldar Abdullayev rəhbərlik edib.
Yığıncaqda həmçinin BFB-nin Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov və Baş Maliyyə İnzibatçısı Mehman Ramazanov İH-nin üzvləri seçiliblər. Hər 3 üzv baş ofisi ABŞ-da yerləşən CFA İnstitute (Chartered Financial Analyst) təşkilatının peşəkar sertifikatına və maliyyə, kapital bazarları və investisiya idarəçiliyi sahəsində böyük təcrübəyə malikdirlər.
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,04 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76 %-dir. ASB isə Birjada 9,52 % payla təmsil olunur.