23 Yanvar 2015 10:44
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanun dəyişdiriləcək, icbari sığortadan yayınan avtomobillər yoldan kənarlaşdırılacaq, aqrar sığortaya diqqət artacaq

Ölkənin sığorta bazarında baş verən son proseslərə həsr olunmuş tədbir keçirildi. Tədbirdə 2014-cü ilin yanvar-dekabr aylarının sığorta yığımları və ödənişlərinə dair statistika, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) 2015-ci ilə olan planları açıqlandı. Həmçinin Maliyyə Nazirliyinin təsdiqlədiyi “Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı”nı barədə məlumat verildi.

ASA-nın sədri Orxan Bayramov bildirdi ki, 2014-cü ildə toplanmış sığorta haqlarının məbləğinə görə bazarın lideri “Paşa Sığorta” şirkəti olub, şirkət il ərzində 50,7 milyon manat sığorta haqqı toplayıb.

Sığorta yığımlarının həcminə görə ilk beşliyi “Atəşgah Həyat Sığorta” (37,9 milyon manat) və “AzSığorta” (36,7 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə bazarın 48,7%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 209 milyon manat) düşür.

Ən az sığorta haqqı toplayan şirkətlər isə “Azərqarant” (505 min manat), “Era-Trans” (432 min manat), “Günay Sığorta” (205 min manat) və “Çartis Azərbaycan” (152 min manat) və “Royal Sığorta” (2255 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1,3 milyon manat olub və ümumi sığorta yığımlarının təxminən 0,3%-ni təşkil edib.

Ümumilikdə 28 sığorta şirkətinin 15-də sığorta haqlarının həcmi 10 milyon manatdan çox, 3 şirkətdə 5-10 milyon manat arasında, 5 şirkətdə 1-5 milyon manat arasında, 5 sığorta şirkətində isə 1 milyon manatdan aşağıdır. Şirkətlərdən 11-də sığorta haqlarının artımı, 17-də isə azalması baş verib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin şöbə rəisi Mahir Abdullayev isə Tədbirlər Planı barədə məlumat verdi: “Tədbirlər Planına əsasən gözlənilən mühüm yeniliklərdən biri vətəndaşlar tərəfindən sığorta şirkətlərindən və sığorta vasitəçilərindən şikayətlərin verilməsinin vahid sisteminin yaradılmasıdır. Eləcə də vətəndaşların sığorta şirkətlərindən şikayətlərinə ictimai aşkarlıq şəraitində baxılmasını təmin etmək məqsədilə xüsusi internet səhifəsinin yaradılmasına təşkilati və maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur”.

Şöbə rəisi bildirdi ki, Tədbirlər Planına əsasən sığorta sahəsində çalışanların hazırlıq səviyyəsinə diqqət və bununla bağlı tələblər artırılacaq. Belə ki, sığorta şirkətlərində çalışan və sığorta məhsullarının satışı ilə məşğul olan əməkdaşlardan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən attestasiyadan keçmələri tələb ediləcək.

Tədbirlər Planında sığorta ödənişlərinin sadələşdirilməsi məqsədilə İKT-nin imkanlarından daha geniş istifadə nəzərdə tutulur. Avtomobil qəzaları ilə bağlı arayışın alınmasının sadələşdirilməsi üçün İcbari Sığorta Bürosunun informasiya sisteminin Daxili İşlər Nazirliyinin müvafiq informasiya sistemi ilə əlaqələndirilməsi gözlənilir.

Əhalinin sığorta sahəsində maarifləndirilməsi məqsədilə müəyyən tədbirlər də olacaq. Bura sığortaya aid mobil telefonlar üçün proqramların hazırlanması, maarifləndirici tədbirlərin keçirilməsi, icbari sığorta növlərinin hər biri üzrə vahid formada yaddaş vərəqinin hazırlanması aiddir.

İcbari sığortaların inkişafı məqsədilə görüləcək mühüm yeniliklərdən biri müqavilələrin elektron formada bağlanması imkanının yaradılması olacaq. Bunun üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq əlavə və dəyişikliklər edilməsi barədə təkliflər hazırlanacaq. Eləcə də icbari sığorta müqavilələrinin elektron satışının təmin olunması məqsədilə elektron sığorta portalının yaradılması nəzərdə tutulur.

Tədbirlər planında avtomobil sahiblərinin icbari sığortadan yayınmasının qarşısının alınması məqsədilə təkliflərin hazırlanması, eləcə də sahibi sığortalanmayan avtomobillərin yol hərəkətindən kənarlaşdırılması ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsinin hazırlanması gözlənilir.

Plana əsasən, Maliyyə Nazirliyi Azərbaycanın Beynəlxalq Yaşıl Kart sisteminə qoşulması üzrə tədbirlər görəcək, eləcə də ölkədə kənd təsərrüfatı sığortası və icbari tibbi sığorta sisteminin qurulması üçün maraqlı dövlət orqanları ilə iş aparacaq.

Qarşıdakı illərdə həyat sığortasının inkişafı üçün də tədbirlərin görülməsi gözlənilir. Bura istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin İSB-nin elektron informasiya sistemi vasitəsilə bağlanması, eləcə də bu sığorta növünün daha geniş tətbiqi məqsədilə İSB-nin elektron informasiya sisteminin Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə inteqrasiya edilməsi aiddir.

Mahir Abdullayev Dövlət Sığorta Nəzarəti Xidmətinin ötən il sığorta bazarında apardığı yoxlamalar barədə də məlumat verdi. Onun sözlərinə görə, yoxlama zamanı 22 rəhbər işçinin fəaliyyətində pozuntular aşkar edilib və işçilər 5850 manat məbləğində cərimələniblər: “Maliyyə Nazirliyi 11 sığorta şirkətində yoxlama aparıb, 10 şirkətə təqdimat göndərib, pozuntu hallarının aradan qaldırılması ilə bağlı yazılı göstəriş verib. Sığorta şirkətlərinin fəaliyyətinə nəzarət gücləndirilib”.

Şöbə rəisi kənd təsərrüfatı sığortası kifayət qədər riskli olduğundan sığorta şirkətlərinin bu növ riskləri sığortalamağa meyilli olmadığını açıqladı. Bununla belə, o bu sahənin inkişafının qarşıya məqsəd kimi qoyulduğunu vurğuladı: “Kənd təsərrüfatının sığortalanması ilə bağlı qanun layihəsi hələ ki, Nazirlər Kabinetindədir. Yəqin onun qəbulundan sonra aqrar sığortada vəziyyət ciddi dəyişəcək”.

Orxan Bayramov isə aqrar sığortanın inkişafının bu sahə üzrə peşəkar mütəxəssislərdən asılı olduğunu dedi: “Qanunun qəbulu çox müsbət haldır, amma həm də bu sahədə riskləri qiymətləndirən mütəxəssislərə ehtiyac var”.

Naibə


Müəllif: