23 Yanvar 2015 12:33
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadçı Samir Əliyev avronun ucuzlaşması ilə bağlı fikirlərini açıqlayıb. Teleqraf.com-un məlumatına görə iqtisadçı deyib ki, yanvarın 22-də Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin kəmiyyət yumşadılması proqramını (QE) işə salmaqla bağlı çıxışı dünya valyuta bazarlarında avroya öldürücü təsir göstərib: “Bu çıxışdan sonra avronun ucuzlaşması baş verib və onun dollara nisbəti 1,1617-dən 1,1483-ə düşüb. Bununla da avro son 11 ildən ən aşağı həddə çatıb. Bu gün isə avro hətta 1,13 dollara qədər ucuzlaşıb. Proqnozlara görə avro ilin sonuna qədər dollarla bərabərləşə bilər”.

Samir Əliyevin sözlərinə görə, dünya bazarlarında avronun ucuzlaşması təbii olaraq Azərbaycanda da müşahidə edilib: “Manat ABŞ valyutasına bağlı olduğundan dolların avroya qarşı dəyişmə dinamikası manatda da baş verir. Bu gün ölkədə avronun manata qarşı rəsmi məzənnəsi təxminən 13 illik minimuma enib və 88,97 qəpik təşkil edib.

Sonuncu dəfə 2002-ci ilin mayın 19-da avronun rəsmi məzənnəsi 4444,08 AZM, yəni yeni pulla 88,88 qəpik olub. Avropa Mərkəzi Bankının qərarı avronu Azərbaycanda bir günə 1% ucuzlaşdırıb. Ümumiyyətlə isə yanvar ayında avro manata münasibətdə 3,8% ucuzlaşaraq 1 manat üçün 92,45 qəpikdən 88,97 qəpiyə düşüb. Dünya bazarlarında avro dollara münasibətdə ucuzlaşdıqca, bu, manata münasibətdə də ucuzlaşacaq.

Bəs avronun ucuzlaşması Azərbaycana nə verəcək?

Əvvala, onu deyim ki, avronun ucuzlaşması səbəbindən valyutadəyişmə məntəqələrində spekulyasiya hallarının artması müşahidə ediləcək. Avronu daha aşağı məzənnə ilə dəyişməyə səy göstərəcklər. Əhali isə əlində olan avronu dəyişmək üçün valyutadəyişmə məntəqələrinə üz tutacaq.

Avronun ucuzlaşmasının müsbət təsiri yalnız ondan ibarətdir ki, Avropa malları ucuzlaşa bilər. Söhbət burda, avtomobillərdən, məişət və ofis texnikasından, geyimlərdən və sair idxal mallarından gedir. Ancaq unutmaq lazım deyil ki, bu, nəzəridir. Çünki bir qayda olaraq dünyada qiymətlərin ucuzlaşması Azərbycanda hiss olunmur”.

Samir Əliyev hesab edir ki, avropa valyutasının ucuzlaşmasının bizə zərəri daha çox olacaq: “Birincisi, avronun ucuzlaşması manata təyziqi daha da artıracaq. Yəni əhali pulunu dollara çevirəcək ki, bu da bazarda dollar qıtlığı yaradacaq. Digər tərəfdən bu valyutanın ucuzlaşması Avropada daşınmaz əmlak bazarının cəlbediciliyini artıracaq. Pullu vətəndaşlarımız Rusiyadan sonra köhnə qitənin daşınmaz əmlakına yatırım edə bilrlər ki, bu da investisiyanın axınına gətirib çıxara bilər.

İkincisi, ixracımız üçün çətinlik yaradacaq. Düzdür, hazırda ixracın 93 faizi neft sektorunun payına düşür. Ancaq qeyri-neft sektorunun inkişafını prioritet elan etmiş Azərbaycan üçün bu avro çətinlik yaradacaq.

Üçüncüsü, Avropadan idxalımız artacaq. Dördüncüsü, valyuta ehtiyatlarımızdakı həm depozit, həm də qiymətli kağız şəklində yerləşdirilmiş avro aktivləri dəyərini xeyli itirəcək.

Beşincisi, avro ilə yerləşdirilən əmanətlər dəyərini itirəcək. Hazırda əmanətlərin təxminən 4%-ni avro təşkil edir. Bu da təxminən 280 milyon manat edir. Deməli, söhbət yanvar ayında 11 milyon manatlıq itkidən gedir”.

İqtisadçının fikrincə, artıq dünya yeni valyuta müharibəsinə qədəm qoyub: “Yaponiya və ABŞ-ın ardınca Avropanın öz valyutasını ucuzlaşdırması bu müharibənin hələ çox davam edəcəyinə işarədir. Digər ölkələr də bu “müharibə”yə qoşulacaq. Ən azı Çin və Britaniyanı onlar arasında görəcəyik. Azərbaycanın ətrafında olan bütün valyutalar ucuzlaşıb. Azərbaycan bazarı həmin ölkələr üçün çox cəlbedicidir. Manat isə hələki sabitdir”.

Ayxan


Müəllif:

Oxşar xəbərlər