27 Yanvar 2015 17:00
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi 2014-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımları barədə məlumat açıqlayıb.

Teleqraf.com nazirliyin məlumatına istinadla bildirir ki, “Buğda və çəltik istehsalçılarının maddi marağının artırılması və buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”na uyğun olaraq 2014-cü ilin məhsulu üçün 2013-cü ilin payızında 503,8 min hektar sahədə aparılan buğda və çəltik səpininə görə 150 min istehsalçıya 20,1 milyon manat yardım verilib.

Respublika Komissiyasının 2014-cü il 08 aprel tarixli qərarına uyğun olaraq Respublika Komissiyasının tərkibinə daxil olan aidiyyəti dövlət orqanlarının mütəxəssislərindən təşkil olunmuş monitorinq qrupu tərəfindən Beyləqan, İmişli və Şabran rayonları üzrə istehsalçılara buğda səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımlardan istifadənin müvafiq qaydalara uyğunluğu vəziyyəti ilə bağlı yerlərdə monitorinqi keçirilib.

“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”na əsasən 1295,7 min hektar əkin sahəsinin və çoхillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 384 min istehsalçıya 51,8 milyon manat yardım verilib.

Həmçinin Respublika Komissiyasının 12 avqust 2014-cü il tarixli qərarının icrası ilə əlaqədar “Kapital Bank” ASC-nin yerli filalları ilə birgə rayon (şəhər) komissiyaları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımların alınması üçün verilmiş ödəniş kartları üzrə inventarizasiya işləri aparılıb və nəticədə istifadə olunmayan 77739 ədəd aqro tipli ödəniş kartı “Kapital Bank” ASC-nin kart sistemindən çıxarıllb.

Prezidentin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 6.1.3-cü bəndinə əsasən Nazirlər Kabinetinin 1 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş yeni qaydalara əsasən hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan gübrəyə görə tətbiq edilən güzəştlərin həcmi 50 faizdən 70 faizə və ya güzəşt edilən yardımın yuxarı həddi 50 manatdan 80 manata artırılıb. 2014-cü il ərzində 81,9 min nəfər istehsalçıya 642,5 min hektar sahəyə görə 50 və 70 faiz güzəştlə satılmış 107,7 min ton mineral gübrə üçün 32,5 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Bununla da istehsalçılara güzəştlə satılan gübrənin həcmi əvvəlki ilə nəzərən 15,1 faiz, əhatə olunan əkin sahəsi müvafiq olaraq 24,1 faiz, güzəştə görə verilən yardımın məbləği isə müvafiq olaraq 30,5 faiz çox olub.

Nazirlər Kabinetinin 25.06.2007-ci il tarixli 103 nömrəli qərarı ilə “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”na əsasən 2014-cü ildə toxum istehsalçılarına 1-ci və 2-ci reproduksiyalı toxum və ting satışına görə 9,1 milyon manat subsidiya ödənilib. Nazirlər Kabinetinin 19.06.2008-ci il tarixli 139 nömrəli qərarına əsasən Nazirliyin elmi-tədqiqat təşkilatlarının təcrübə təsərrüfatlarında istehsal edilmiş orijinal, superelit və elit toxumlarının istehsalına cəkilən xərclərin 100 faiz dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün isə istehsalçılara 930,0 min manat subsidiya yönəldilib.

Bunlardan əlavə, Nazirlər Kabinetinin 18 dekabr 2014-cü il tarixli 395s nömrəli Sərəncamı ilə Qobustan, Şamaxı, Qəbələ və Şəki rayonlarında uzun sürən quraqlıq və habelə dolu düşməsindən ziyan çəkmiş fermerlərə payızlıq əkinləri üçün verilmiş toxumların dəyərinin ödənilməsi məqsədilə dövlət büdcəsindən 2 milyon 850 min manat vəsait ayrılıb. Bütövlükdə 2014-cü ildə istehsalçıların toxumla təminatının yaxşılaşdırılmasına yönəldilmiş dövlət büdcəsi vəsaitlərinin həcmi əvvəlki ilə nisbətən 58,6 faiz çox olub.

Prezidentin 06 iyun 2014-cü il tarixli və 20 noyabr 2014-cü il tarixli Sərəncamları ilə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan xaricdən damazlıq heyvanların idxalı və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması üçün “Aqrolizinq” ASC-yə 23,5 milyon manat vəsait ayrılıb.

Qarabağ at cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Sərəncamı ilə ölkə başçısının ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2,0 milyon manat vəsait ayrılıb.

NİGAR


Müəllif: