Baltik Assambleyasının iqtisadiyyat, energetika və innovasiyalar Komitəsinin iclasında ümumi nəqliyyat və infrastruktur layihələri, Baltik və şimal ölkələrinin enerji təhlükəsizliyi və təchizi, iqtisadi əməkdaşlığı məsələləri müzakirə olunur.
Baltik Assambleyasında Seym nümayəndə heyətinin sədri Gedre Purvanetskene qarşıda duran vəzifələrdən danışaraq qeyd edib ki, bu il nəticələrin ümumiləşdirilməsinə böyük diqqət ayrılacaq, hökumətin Assambleyanın qərarlarını necə həyata keçirdiyinə baxılacaq.
İclasda çıxış edən kommunikasiyalar və nəqliyyat naziri R.Sinkyaviçyus vurğulayıb ki, hazırda ən mühüm vəzifələrdən biri “Rail Baltica” Avropa dəmir yolu xəttinin çəkilməsidir. Nazir deyib: “Şadam ki, Vilnüsün bu layihəyə qoşulmasının Litva və Baltik ölkələri regionu üçün mühüm iqtisadi faktor olması barədə bizim dəlillərimizi ekspertlərin nəticələri də təsdiqləyib”.
R.Sinkyaviçyus qeyd edib ki, ən yaxın vaxtlarda əsas iş Aİ-nin “Rail Baltica 2”yə vəsait ayırması üçün Avropa Komissiyasına fevralın 26-dək layihənin ümumi sifarişini təqdim etməkdir.
Kommunikasiya və nəqliyyat naziri deyib: “2040-cı ildə Rail Baltica” xətti ilə daşınacaq sərnişinlərin gündəlik sayı 25 min, illik yükün həcmi 15,8 milyon ton təşkil edəcək”.