14 Fevral 2015 11:53
2 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda elektron ticarətin vergiyə cəlb olunması gündəmə gəlib. Rəsmi açıqlamalarda elektron ticarətin vergiyə cəlb olunması və onun tam nəzarətə götürülməsinin çətinliyi vurğulanıb, belə bir problemin bu gün nəinki Azərbaycanda, dünyada aktual olduğu qeyd edilib.

Odur ki, xarici internet-mağazalardan alınan malların rüsumsuz idxal həddinin 1000 dollardan 150 manata endirilməsi məsələsi gündəmdədir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Nazirlər Kabinetinin bu sahədə müvafiq qərar verməsini vacib sayır: “Konkret qərar isə yoxdur. Güman ki, qərara gəlmək çətindir. Xarici internet-mağazalardan 1000 dollardan yuxarı olmamaqla, alış-verişin məhdudlaşdırılması məsələsi gündəmdədir. Arqument də budur ki, belə ticarətdə sui-istifadə halları, eləcə də kommersiya və qazanc faktları var.
Bizim və digər müstəqil ekspertlərin mövqeyi ondan ibarətdir ki, məhdudiyyət ölkədə elektron ticarətin inkişafına mane olacaq, sadə insanların alıcılıq qabiliyyətinə mənfi təsir edəcək. Müstəqil ekspertlər burada başqa maraqların da ola biləcəyini vurğulayıblar.

Bəzi dövlət qurumları da sui-istifadənin qarşısını almağın çətin olmadığını bildiriblər. Məhdudiyyətin tətbiq olunması ilə bağlı indiyədək 5 dövlət qurumundan Rabitə və Yüksək Texnologiyalar, Vergilər, Maliyyə, İqtisadiyyat və Sənaye nazirlikləri və Dövlət Gömrük Komitəsindən rəylər toplandığı bildirilib.

Son açıqlamalardan da məlum olduğu kimi, ən azı 2 dövlət qurumunun mənfi rəy verildiyi məlumdur. Amma ümid edirik ki, indiyədək bu istiqamətdə bütün rəsmi və müstəqil mövqelər diqqətlə araşdırılacaq və ədalətli qərar qəbul ediləcək".

Hələlik isə Nazirlər Kabinetinin əvvəlki qərarı qüvvədədir. Vətəndaşlar şəxsi istifadə məqsədilə 1000 dollardan çox olmamaqla alış-veriş edə bilərlər.

Müəyyən məhsullar vergidən azad olunmalıdır

İqtisadçı ekspert Vüqar Bayramov isə əksinə vergidən azad olan məbləğin azaldılmasına yox, artırılmasına tərəfdardır və bunun onlayn ticarətin inkişafına gətirib çıxaracağını düşünür: “Təbii ki, söhbət idxal olunan məhsullara vergi tətbiqindən gedir. Ölkə daxilində hər hansı mal sifariş edilirsə, ona vergi ödəməyə ehtiyac yoxdur. Çünki həmin məhsul satışa çıxarılan zaman qiymətinə əlavə dəyər vergisi daxil edilib”.

Vüqar Bayramov deyir ki, elektron ticarətdə müəyyən məhsulların vergilərə cəlb olunması düzgün deyil. Bura elmi tədqiqatda istifadə olunan vəsaitlər, kitablar daxil edilə bilər: “Məsələn, vətəndaş amazon.com-dan kitab sifariş verir, pulunu, daşıma və çatdırılma xərclərini ödəyir. Kitabın ölkəyə gətirildiyi zaman vergi də ödəməli olsa, belə bir vergitutmanın heç cür izahı yoxdur. Ümumiyyətlə, vergi tətbiq olunmayan məbləğin azaldılması məqbul deyil.

İkincisi, əgər vergi tətbiqi qaçılmaz hesab olunacaqsa, müəyyən məhsullara və tədqiqatda istifadə edilən nəşrlər üçün vergisiz hissənin saxlanmasına ehtiyac var. Məsələn, ABŞ-da elektron ticarətdə vergi ümumiyyətlə tətbiq edilmir. Telefon sifariş verən zaman şirkət vergi ödəmir. Elektron ticarət satış vergisindən tam azaddır".

İqtisadçı bu məsələnin son zamanlar aktuallaşmasını dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə bağlayır: “Oxşar sifarişlər əvvəlki dövrlərdə də edilirdi. Neftin qiymətinin aşağı düşməsi və daxil olan vəsaitlərin azalması müxtəlif mənbələrdən dövlət büdcəsinə vəsait cəlb edilməsini aktuallaşdırıb”.

Yenilik göstəriciləri aşağı salacaq

Yeni qaydalara gəldikdə, xaricdən alınan malların ölkəyə idxalına qadağa qoymur, sadəcə, dəyəri 150 manatdan yuxarı olan mallara 15 faiz gömrük rüsumu, 18 faiz ƏDV tətbiqini nəzərdə tutur. Bu da hər alınan məhsula görə ödənilən məbləğin 33 faizi deməkdir. Poçt daşınmasına görə ödənilən məbləği də bunun üzərinə əlavə etdikdə, bu, təxminən 40-ə faizə çatır. Deməli, 1150 manatlıq məhsul alan şəxs buna görə 400 manat vergi ödəməlidir.

Ekspertlər bu qaydaların onlayn ticarətin dövriyyəsinə təsirsiz ötüşməyəcəyi bildirirlər. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, 2014-cü ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilə nisbətən 2,4 dəfə artaraq 6,4 milyon manat təşkil edib.

Əhali onlayn rejimdə sifariş verdiyi istehlak mallarının 91,3 faizini hüquqi şəxslərin, 8,7 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 94,6 faizini qeyri-ərzaq malları təşkil edib. Yeni qaydalar tətbiq olunacağı təqdirdə isə göstəricilərin aşağı düşəcəyi bildirilir.

Əslində, ticarətin bu növü olduqca rahat və əlverişlidir. Elektron ticarəti gəlirli sahəyə çevirmək üçün ABŞ-a səkkiz il zaman lazım olub. Azərbaycanda isə onlayn ödəmələr yalnız 2009-cu ilin əvvəllərindən bəri mümkündür. Bu da o deməkdir ki, onlayn satışların tam inkişafı üçün bizə daha bir neçə il lazım gərəkdir.

Hansı mərhələdəyik?

Marketoloq Samir Nağıyev hesab edir ki, Azərbaycanda elektron ticarətin birinci mərhələsi bitib: “İri pioner ticarətçilər onlayn rejimə qoşularaq artıq bəzi məhsul və xidmətlər təklif edirlər. İkinci mərhələdə isə mürəkkəb elektron ticarətin artımının təmini nəzərdə tutulur ki, bura təyyarə və qatarlara onlayn biletlərin satılması, onlayn qida məhsullarının satışı və daha yaxşı onlayn mağazalar kimi xidmətlər daxildir”.

Üçüncü mərhələdə isə bu mürəkkəb xidmətlərə cəmiyyətin ciddi tələbat duyacağını deyən ekspertə görə, bu zaman istehlakçılar şirkətlərdən məhsul və xidmətləri onlayn qaydada tələb edəcəklər: “Öz növbəsində, ticarətçilər öz təkliflərini genişləndirəcək və artıq mövcud olan xidmətləri təkmilləşdirəcəklər. Dördüncü və sonuncu mərhələdə elektron ticarət ölkə iqtisadiyyatının xeyli hissəsini təşkil edəcək. İstehlakçılar, eləcə də müəssisələr bir-birləri ilə əməliyyatlar aparacaqlar. Beləliklə, elektron ticarət, sözün əsl mənasında, insanların rəqabətsiz ehtiyaclarından birinə çevriləcək”.

E-ticarətlə məşğul olan resurslarla əlaqə saxlayıb yeni qaydaların tətbiqi və ümumi fəaliyyətlərinə necə təsir edəcəyi ilə maraqlandıq. Lakin heç bir məlumat ala bilmədik. Facebook sosial şəbəkəsində müraciət etdiyimiz 9 istifadəçinin yalnız 4-ü alış-veriş prosesindən razılıqlarını bildirdilər. Onlayn sifarişlər arasında daha çox kitab, elektronika malları, telefon və geyimlərin üstünlük təşkil etdiyini dedilər.

Naibə Qurbanova


Müəllif: