16 Fevral 2015 16:59
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icra statusuna dair aidiyyəti dövlət orqanlarının iştirakı ilə Əlaqələndirmə Qrupunun növbəti iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, iclasda İqtisadiyyat və Sənaye, Rabitə və Yüksək Texnologiyalar, Maliyyə, Ədliyyə, Təhsil Nazirlikləri, habelə Auditorlar Palatasının nümayəndələri iştirak edib.

QKDK-nın sədr müavini, Əlaqələndirmə Qrupunun rəhbəri İlqar Muradov Dövlət Proqramının istiqamətləri və prioritetləri barəsində ətraflı məlumat verərək 2014-cü il ərzində görülmüş işlərdən danışıb. Sədr müavini 2014-cü il ərzində qiymətli kağızlar bazarının artım tempinin ölkə iqtisadiyyatının inkişaf dinamikasını bir neçə dəfə üstələyən tendensiya nümayiş etdirdiyini, qiymətli kağızlar bazarında əməliyyatların həcminin ötən il ilə müqayisədə 50 faiz artaraq 13,2 milyard manat təşkil etdiyini və bunun da Azərbaycanda qiymətli kağızlar bazarının formalaşdığı dövrdən bəri qeydə alınan ən yüksək göstərici olduğunu qeyd edib. Eyni zamanda, sədr müavini bazarın korporativ qiymətli kağızlar sektorunun yüksək artım tempi nümayiş etdirərək tarix boyu ən yüksək həddə çatdığını, korporativ qiymətli kağızlar sektorunun bazar payının ilk dəfə olaraq 50 faizi ötdüyü, iri regional layihələrin korporativ qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşdiyini və qiymətli kağızlar bazarında törəmə alətlər ilə ticarət əməliyyatlarının həyata keçirildiyini bildirib.

Komitə sədrinin müavini ötən il ərzində Dövlət Proqramı çərçivəsində hazırlanmış “Qiymətli kağızlar haqqında” Qanun layihəsi üzrə hökümətdaxili razılaşdırma prosedurlarının tamamlanması, kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması üzrə satınalma proseslərinin uğurla həyata keçirilməsi, QKDK yanında Kapital Bazarı üzrə Təlim Mərkəzinin fəaliyyətə başlaması, eləcə də kapital bazarlarının səmərəli fəaliyyəti, özəl sektorun kapital bazarlarından maliyyələşmə və bütövlükdə investisiya imkanlarının genişlənməsi üçün vergi mühitinin formalaşdırılması, şirkətlərin fond birjasının listinqinə çıxmasını təşviq edən tədbirlərin həyata keçirildiyini qeyd edib.

Daha sonra aidiyyatı dövlət qurumları tərəfindən 2014-cü ilin yekunları üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlərə dair, həmçinin cari ilin sonuna qədər nəzərdə tutulmuş tədbirlərin icra mexanizmləri və bu istiqamətdə görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.

Naibə QURBANOVA


Müəllif: