Növbəti ildə “Bakı Metropoliteni”, “Təmiz Şəhər”, eləcə də Gənclər və İdman Nazirliyinə ayrılacaq subsidiyalar azaldılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin dövlət büdcəsi layihəsinə rəyində bildirilir. Qeyd edilir ki, büdcə layihəsində dövlət müəssiələrinə subsidiyalarda azalma, qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə digər subsidiyalarda isə artım nəzərdə tutulub. Növbəti ildə hüquqi şəxslərə ayrılan digər subsidiyalar cəmi subsidiyalarda ən yüksək paya -62% paya malik olacaq.
Ümumilikdə 2025-ci ildə dövlət büdcəsindən subsidiyalar üzrə 46 istiqamətdə 1321,2 mln. manat vəsait proqnozlaşdırılıb. Bu da 2024-cü ilin proqnozundan 273,5 mln. manat və ya 26,1% çoxdur.
Hüquqi şəxslərə digər subsidiyalar üzrə əhəmiyyətli artım əsasən ictimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclər üzrə 150 mln. manat subsidiyanın proqnozlaşdırılması, dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması xərclərinin 59,2 mln. manat olmasından qaynaqlanır.