12:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Statistika Komitəsi noyabrda ən çox bahalaşan məhsulların siyahısını açıqlayıb.

Teelqraf.com xəbər verir ki, noyabrda ən çox artım uzun düyünün, yulaf yarmasının, mal ətinin, balıq konservlərinin, qatığın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, azalma isə təzə balığın, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunmuşdur.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 % olub. Qeyri-qida mallarından artım geyimlərin, inşaat materiallarının, mebellərin, zərgərlik məmulatlarının, azalma isə mobil telefon, noutbuk və məişət cihazlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Noyabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə oktyabra nisbətən 100,2 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən tibbi laboratoriya xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin, azalma isə hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Müəllif: Teleqraf.com