2025-ci ilin əvvəlində reallaşacaq sosial paket - əməkhaqqı artımları, pensiya, sosial müavinət və təqaüdlərin artırılması tədbirləri 3 milyon nəfəri əhatə edəcək.
Teleqraf.com xəbər verir ki, bu islahatlar çərçivəsində 700 min və daha çox vətəndaş əməkhaqqı artımlarından, təxminən 1,1 milyon nəfər pensiya artımlarından, 1,2 milyon nəfər isə sosial müavinət və təqaüdlərin artımından faydalanacaq.
Minimum əməkhaqqı artımının iqtisadiyyatda geniş əhatəli müsbət təsir yaratması gözlənilir. 2025-ci ildən etibarən minimum əməkhaqqı artımı müxtəlif iqtisadi sektorlarda orta aylıq nominal əməkhaqlarının yüksəlməsinə səbəb olacaq.
Yanvarın birindən ölkədə minimum əməkhaqqı 16 faiz artırılaraq 400 manat təşkil edəcək. Minimum pensiya isə 14,3 faiz yüksələrək 320 manata bərabər olacaq.
Dövlət orqanlarında çalışan, dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə) əmək haqqlarında isə 16 faiz artım gözlənilir.