Bu il Azərbaycan Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 12,9 milyard kubmetr təbii qaz ixrac edib.
Teleqraf.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir onu da bildirib ki, Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə Avropaya qaz ixracına başlanmasından ötən dörd il ərzində Qitəyə 42,8 milyard kubmetr təbii qaz tədarük olunub.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Hazırda 9 Avropa ölkəsi Azərbaycandan qaz alır.