20 Fevral 2015 16:00
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən növbəti vətəndaş qəbulu bu gün Şabranda keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Siyəzən, Xızı və Şabran rayonlarından olan 80-dən çox vətəndaş müraciət edib. Vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bank olmayan kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının yaradılması, kənd yollarının çəkilməsi, kəndlərin qazlaşdırılması və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, nazir Ş.Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşların əksər müraciətləri yerindəcə həllini tapıb, digərlərinin qanunvericiliyə uyğun operativ araşdırılması və həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən müvafiq tədbirlər görüləcəkdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Eyni zamanda, qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilib, heyvandarlıq, iri fermer təsərrüfatının yaradılması, meyvəçilik, arıçılıq, balıqçılıq, istixana təsərrüfatının yaradılması, mebel, tikinti materialları, keramik suvenir, boya istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbul günü digər rayonlardan olan vətəndaşlar da Ş.Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ümumilikdə, iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev tərəfindən indiyədək bölgələrdə 28 vətəndaş qəbulu keçirilib, qəbullarda 1600-dən çox vətəndaş müraciət edib.

NAİBƏ


Müəllif: