Avropa İttifaqına üzv olan altı ölkə G7 ölkələrinin Rusiya neftinə tətbiq etdiyi 60 dollar tavan qiymətinin aşağı salınması ilə bağlı Avropa Komissiyasına müraciət ünvanlayıb. Bu ölkələr iddia edirlər ki, qiymət tavanının aşağı salınması Moskvanın Ukraynadakı müharibəni maliyyələsinə yönəltiyi vəsaitləri azaldacaq.
Teleqraf.com xəbər verir ki, ABŞ hökuməti də Rusiyanın neft ticarətinə qarşı indiyədək ən sərt və genişmiqyaslı sanksiyalarını elan edib. Sanksiyalar çərçivəsində Rusiyanın aparıcı neft hasilatçıları “Qazprom Neft” və “Surqutneftegaz”la yanaşı, 160-dən çox tanker hədəfə alınıb. Bu, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən indiyədək hədəf alınan gəmilərin ümumi sayından iki dəfə çoxdur.
“Qazprom Neft” və “Surqutneftegaz”a gəlincə, Rusiyanın ümumi neft ixracının təxminən 20%-ni təşkil edir. Bu iki şirkətə qarşı sanksiyalar indiyə qədər Rəsmi Vaşınqton və Qərb tərəfindən tətbiq edilən ən sərt addımdır. “Qazprom Neft” və “Surqutneftegaz” 2024-cü ildə dəniz yolu ilə gündəlik 970.000 barel neft göndərib. Yaranmış vəziyyət Hindistandakı neft emalı müəssisələri, eləc də Çindəki dövlət şirkətləri üçün narahatlıq doğurur.
ABŞ-ın sanksiyaları dolayısı ilə Hindistan və Çin kimi böyük neft alıcılarını hədəfləyir. Çünki sözügedən iki ölkə Rusiya neftindən asılıdır.
İstisna deyil ki, yeni tədbirlər qlobal bazarda müəyyən fasilələrə səbəb olacaq.
Həmçinin, Rusiyanın əsas sığorta şirkətləri olan “İnqosstrax” və “Alfastrakhovanie”yə qarşı sanksiyalar, sığorta təminatını məhdudlaşdırmaqla, tankerlərin fəaliyyətinə təsir göstərə bilər. Belə ki, neft daşıyan gəmilər daha çox riskə məruz qala bilər.
ABŞ-ın sanksiyaları həm də neft sahəsində xidmət göstərən şirkətlərini əhatə edir. ABŞ şirkətlərindən 2025-ci ilin fevralına qədər Rusiyadakı fəaliyyətlərini tamamilə dayandırmaq tələb olunur. Qeyd edək ki, rüblük hesabatlara görə, mərkəzi ABŞ-da yerləşən iki qlobal provayder qadağalara baxmayaraq Rusiyada fəaliyyətlərini davam etdirirlər. Rusiyanın neft qazma bazarının yalnız 15 faizi xarici texnologiyalardan asılıdır.
Xatırladaq ki, son iki ildə Rusiya neft ticarətinin böyük hissəsini Qərb şirkətlərindən və xidmət təminatçılarından uzaqlaşdırıb. Bunun nəticəsində Qərbin sanksiyalarının kəskin təsirlərindən yayına bilib.