17:11
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qazının boru kəmərləri ilə ötürülməsində yaranan məhdudiyyət Türkiyəni mayeləşdirilmiş qaz (LNG) idxalına sövq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşr ticarətçilərə istinadən bildirib ki, ölkənin dövlət qaz idxalçısı "Botaş" bu həftə keçirilən tenderdə mart ayında çatdırılmaq şərti ilə yeddi LNG təhcizatçısı ilə razılaşıb. Şirkət hazırda fevral ayı üçün təchizatçı axtarışındadır.

Treyderlər qeyd edib ki, bu alışların səbəbi Azərbaycandan boru kəməri ilə tədarük edilən qazın həcmindəki azalmadır. Belə ki, “Şahdəniz” yatağının texniki operatoru olan “BP"nin sualtı boru kəmərindəki texniki nasazlıq səbəbindən "Alfa" platformasının işini dayandırması Türkiyə, Gürcüstan və Avropanın qazla təminatında azalmalara gətirib çıxarıb.

Azərbaycandan boru kəməri vasitəsilə qaz tədarükünün azalması, qışda təchizatı tez-tez dayandıran, müqavilədəki həcmlərlə bağlı öhdəliklərini icra etməyən İranın Türkiyəyə ötürdüyü qazın həcmini azaltması ilə eyni vaxta təsadüf edir.

BP-nin Bakı ofisinin sözçüsü Tamam Bayatlı “Bloomberg”ə açıqlamasında "Alfa" platformasında əməliyyatların bərpası ilə bağlı işlərin davam etdiyini bildirib. O, istehsal və ixracın nə vaxt bərpa olunacağına dair vaxt cədvəli təqdim etməyib.

“Azerbaijan Gas Supply Co.”nun bildirdiyinə görə, platformada əməliyyatların bərpası yanvarın 19-dək uzadılıb. Bu müddətdə Avropaya tədarüklər gündəlik 8,5 milyon kubmetr azalacaq.

Qeyd edək ki, "Şahdəni"z yatağından hasilatın təxminən 36%-ni "Alfa" platforması təmin edir. Digər ikinci platforma isə "Bravo" dur. Azərbaycan "Bravo" platformasından Türkiyəyə qaz tədarükünü normal rejimdə davam etdirir.

Azərbaycanın Energetika Nazirliyinin məlumatına əsasən, keçən il Türkiyəyə 9,9 milyard kubmetr qaz ixrac edilib. Bu da 2023-cü ildəki 9,5 milyard kubmetrdən çoxdur.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər