23 Fevral 2015 12:54
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-c ilin yanvar ayında toplanılmış sığorta haqlarının məbləğinə əsasən, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından Teleqraf.com-a verilən məlumata görə, şirkət ay ərzində 24,4 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yeri tutan “İpək Yolu Sığorta”nın yığımları 7,4 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 5,8 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Paşa Həyat Sığorta” (3,7 milyon manat) və “Atəşgah Həyat Sığorta” (2,8 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə bazarın təxminən 70%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 44,1 milyon manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Rəvan Sığorta” (226,2 min manat), “Başak İnam” (202,3 min manat), “Amrah Sığorta” (106,7 min manat), “Azərqarant” (72,5 min manat) və “Günay Sığorta” (18,9 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi 626,6 min manat olub və ümumi sığorta yığımlarının təxminən 1%-ni təşkil edib.

Ötən ilin noyabr ayında lisenziyası dayandırılmış “Era-Trans” və praktiki olaraq fəaliyyətini dayandırmış “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 3-də sığorta haqlarının məbləği 5 milyon manatdan çox, 9 şirkətdə 1-5 milyon manat arasında, 5 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 10 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 14-də sığorta haqlarının artımı, 12-də isə azalması baş verib. 1 şirkət (“Çartis Azərbaycan”) isə ötən ilin yanvar ayında da sığorta haqqı toplamadığı üçün onun yığım dinamikası qeydə alınmayıb.

Həyata keçirilmiş sığorta ödənişlərinin məbləğinə görə də lider “Paşa Sığorta” şirkətidir – 2,34 milyon manatla. Sonrakı yeri tutmuş “Atəşgah Sığorta”nın ödənişləri 1,14 milyon manat, “AXA MBASK”ın ödənişləri isə 1,05 milyon manat olub. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “Azsığorta” (684 min manat) və “Standard İnsurance” (683 min manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin təxminən 57%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 5,9 milyon manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (5278 manat), “İpək Yolu Sığorta” (3917 manat), “Günay Sığorta” (3789 manat) və “Azərqarant” (1000 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 14 min manat olub ki, bu da ödənişlərin 0,1%-ni təşkil edir.

“Çartis Azərbaycan” sığorta şirkəti isə ümumiyyətlə ödəniş etməyib.

Ümumilikdə 27 sığorta şirkətindən 3-də 1 milyon manatdan çox, 6 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 10 şirkətdə 100 min manatdan 500 min manata qədər, 8 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 14-də sığorta ödənişlərinin artımı, 11-də isə azalması baş verib. 2 şirkət (“Qala Həyat” və “Çartiz Azərbaycan”) isə ötən ilin yanvar ayında da sığorta ödənişi etmədiyi üçün onların ödəniş dinamikası qeydə alınmayıb.

Naibə QURBANOVA


Müəllif: