İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2024-cü ildəki fəaliyyətinin yekunları açıqlanıb.
Teleqraf.com xəbər verir ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ötən il əsas fəaliyyət istiqamətləri monitorinq və qiymətləndirmə olub. Eləcə də mərkəz “Layihə idarəetməsi” modulunu formalaşdıraraq tətbiqinə başlayıb.
Qurum strateji planlaşdırma, təhlil və tədqiqat üzrə fəaliyyətini dərinləşdirməklə yanaşı, T7 və T20 kimi qlobal beyin mərkəzləri şəbəkələri ilə yaxından əməkdaşlıq edərək beynəlxalq müstəvidə Azərbaycanı təmsil edib.
İİTKM-in nəzdində fəaliyyət göstərən “Azexport” və “Enterprise Azerbaijan” portalları, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Türk Dünyası Araşdırmalar Mərkəzi də 2024-cü ildə bir çox yeniliklərə imza atıb.
Vüsal Qasımlı qeyd edib ki, İİTKM ölkə üçün böyük əhəmiyyət kəsb edən sənədlərin - “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” daxil olmaqla 10 proqramın monitorinq və qiymətləndirməsini aparır. 2024-cü ilin oktyabr ayında isə Prezident İlham Əliyev daha bir mühüm sənədin - “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın monitorinq və qiymətləndirilməsini Mərkəzə tapşırıb.
İl ərzində 11 dövlət proqramının idarə edilməsi çərçivəsində 60-a yaxın qurumla 150 iclas keçirilib, monitorinq nəticələri ilə bağlı 28 hesabat hazırlanıb.