Ötən il Rusiyada neft hasilatı 500 milyon tonu keçsə də, bu rəqəm 2023-cü illə müqayisədə azdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya baş nazirin müavini Aleksandr Novak "Energy Policy" jurnalındakı yazısında qeyd edib.
“Ölkəmiz dünyanın aparıcı neft istehsalçılarından biri statusunu qoruyub saxlayır və OPEC+ ölkələri arasında neft hasilatının məhdudlaşdırılmasına dair çoxillik sazişin əsas iştirakçısıdır”, - Baş nazirin müavini qeyd edib.
Novak əlavə edib ki, bu təcrübə bazar dəyişikliklərinə tez reaksiya verməyə, tələb və təklif arasında tarazlığı təmin etməyə imkan verir.
Baş nazirin müavininin sözlərinə görə, 2024-cü ildə neft hasilatı 516 milyon ton, ixrac isə 240 milyon ton təşkil edib. 2023-cü ildə Rusiyada 530,6 milyon ton neft və kondensat hasil edilib. Beləliklə, azalma 2,75% təşkil edib.