“Yaşıl dünya naminə həmrəylik ili” həm də Azərbaycanın nəqliyyat infrastrukturu üçün də yaddaqalan oldu. Ötən il nəqliyyat infrastrukturunda köklü dəyişikliklər qeydə alınıb. "BakuBus" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva Teleqraf.com-a müsahibəsində ötənilki nailiyyətlər haqda danışaraq, 2025-ci il üçün nəzərdə tutulan hədəfləri açıqlayıb:
- 2024-cü ildə sərnişindaşımada rəqəmlər necə dəyişib?
Ötən 2024-cü ildə də bu uğurlu inkişaf dinamikası davam edib. Belə ki, tənzimləyici qurum olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin həyata keçirdiyi müsabiqələrdə iştirak edərək qalib elan edilmiş və 13 yeni müntəzəm marşrut xətti “BakuBus” MMC tərəfindən istismara qəbul edilmişdir. Nəticədə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, 193 avtobusun müasir tələblərə cavab verən “BakuBus” MMC-nin avtobusları ilə əvəzlənib. Ötən il cəmiyyətimizin istismarında olan marşrut xətləri üzrə 148 milyondan çox sərnişinin daşıması həyata keçirilib ki, bu da 2023-cü illə müqayisədə 20% artım deməkdir. Ötən il həmçinin, 7 yeni şəhərlərarası marşrut xətti sərnişinlərin istifadəsinə təqdim edilib ki, şəhərlərarası nəqliyyatın inkişafında mühüm addımlardan biri olub. Təbii ki, bu statistik rəqəmlər fəaliyyətimizin ümumi müsbət nəticələrini xarakterizə edir və qeyd etdiyim istiqamətlər üzrə həyata keçirilmiş ardıcıl və sistemli tədbirlərin nəticəsidir.
- Ümumiyyətlə ötən ili necə xarakterizə edirsiniz?
- 2024-cü il “BakuBus” MMC üçün bir çox mühüm nailiyyətlərlə yadda qalıb. İctimai nəqliyyatda "yaşıl şəhər" konseptinə uyğun olaraq elektrik avtobusları istismara verildi. Ölkə başçısının müvafiq sərancamı ilə 161 ədəd ekoloji təmiz elektrik avtobusu alınaraq istismara verildi. Bu avtobuslar sərnişinlərin rahatlığı ilə yanaşı, ətraf mühitin qorunmasına da mühüm töhfə verir. Ötən il həmçinin, ölkə başçısının iştirakı ilə bu avtobuslara xidmət göstərilən Zığ Avtobus parkı istifadəyə verildi. Bu avtobus parkı müasir tələblərə cavab verən infrastrukturu ilə “BakuBus” MMC-nin xidmət keyfiyyətini daha da artırdı. İlin ən əhəmiyyətli uğurlarından biri də, COP29 tədbirində nəqliyyatın müvəffəqiyyətlə təşkil olunması oldu. 2024-cü ildə xüsusi zolaqlar şəbəkəsi əhəmiyyətli dərəcədə genişləndi, nəticədə sərnişinlər mənzil başına daha tez çata bildi. Bundan əlavə, ötən il 1042 sürücü təlimlərə cəlb olunaraq işə qəbul edildi. Bu da ötən ilə nisbətən 37% artım deməkdir.
- Statistik rəqəmlərdən də göründüyü kimi, ötən il xidmətin əhatə dairəsi xeyli genişlənib. Bəs, xidmət keyfiyyətinin artırılması istiqamətində hansı uğurlarınız var?
- Ötən il Onlayn İzləmə və Monitorinq Mərkəzinin fəaliyyəti daha da təkmilləşdirilərək genişləndirilib. Bu mərkəz vasitəsilə gündəlik olaraq həm sürücülərin, həm də avtobusların fəaliyyəti nəzarətdə saxlanılır. Bu yanaşma xidmətdə şəffaflığı artırır və təhlükəsizliyi təmin edir. Həmçinin, sərnişinlərə daha yaxın olmaq üçün "Sərnişin rəyi” layihəsini həyata keçirdik. Layihə çərçivəsində gündəlik olaraq onlarla sərnişin “BakuBus” rəhbər şəxsləri və struktur şöbə rəhbərləri tərəfindən qəbul edilir, onların təklif və rəyləri öyrənilib. Əlavə olaraq qeyd edim ki, sərnişinlərlə əlaqə platformalarımızı genişləndirmək də bizim əsas hədəflərimizdəndir. Son 2 ilə nəzər salsaq, sosial media hesablarımız vasitəsilə mütəmadi olaraq şirkətimiz haqda yeniliklər sərnişinlərin diqqətinə çatdırılır və onların sorğularına operativ şəkildə cavab verilir. Bu yanaşma sərnişinlərlə ikitərəfli əlaqəni gücləndirir və onların ehtiyaclarına uyğun həll yollarının təqdim edilməsinə şərait yaradır.
- 2025-ci il üçün hədəfləriniz nədən ibarətdir?
- Bu il hədəfimiz xidmətin əhatə dairəsinin genişləndirilməsi, xidmət keyfiyyətinin artırılması və ümumiyyətlə fəaliyyət səmərəliliyinin yüksəldilməsindən ibarətdir. Qeyd edim ki, bu istiqamətlərin hər birinin reallaşdırılması üçün tədbirlər və mexanizmlər müəyyən edilib. Keyfiyyətin monitorinqi sisteminin daha da təkmilləşdirilməsi planlaşdırılır. Bundan başqa, xidmət keyfiyyətinin artırılması istiqamətində keyfiyyətin monitorinqi sisteminin daha da təkmilləşdirilməsi, marşrut xəttlərinin idarəedilməsinin səmərəliliyinin artırılması planlaşdırılıb. Xidmətin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tənzimləyici qurum olan AYNA tərəfindən təşkil ediləcək müsabiqələrdə iştirak hədəf kimi müəyyən edilib.