17:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amerikanı Yenidən Möhtəşəm Edək” (MAGA) vədləri ilə ABŞ seçkilərində qələbə qazanan prezident Donald Trampın yeni tarif siyasəti xarici ticarət tərəfdaşlarının narahatlıqlarına səbəb olub. Maraqlıdır, Trampın MAGA hərəkatı beynəlxalq ticarət üçün hansı mənanı daşıyacaq?

Teleqraf.com xəbər verir ki, Trampın ticarət siyasətinin əsas prinsiplərindən biri ABŞ şirkətlərinin mənafeyinin qorunmasıdır. Onun bu strategiyası iqtisadiyyatı böyütmək və məşğulluğu artırmaq məqsədi daşıyır.

Donald Tramp Kanada və Meksikadan idxal olunan mallara 25, Çindən idxal olunan mallara isə 10% gömrük rüsumu tətbiq etməyi qərara alsa da, ötən gün Meksika və Kanadaya qarşı tariflərin tətbiqi ilə bağlı qərarına 30 günlük fasilə verdi.

Ən son məlumatlara görə, keçən il Meksika ABŞ-nin əsas ticarət tərəfdaşı olub və əməliyyatların həcmi 776 milyard avro təşkil edib. Bu, ABŞ-nin ümumi ticarətinin 15.9%-i deməkdir.

İkinci yerdə 14.3% payla Kanada qərarlaşıb. Kanadanı Çin və Almaniya müvafiq olaraq 10.9% və 4.4% payla izləyib.

ABŞ-nin Meksikadan idxal etdiyi malların dəyəri 466.6 milyard avro olduğu halda, ixrac etdiyi malların dəyəri 309.4 milyard avro təşkil edir. Bu, ABŞ-nin Meksika ilə ticarət kəsirinin olduğunu göstərir.

ABŞ-nin Kanada ilə xarici ticarətində də kəsir var: Kanadadan idxal 377.2 milyard avro, Kanadaya ixrac isə 322.4 milyard dollar təşkil edir.

Çindən ABŞ-yə idxalın dəyəri 401.4 milyard avro olduğu halda, ötən il ABŞ-nin Çinə ixracı 131.0 milyard avroya bərabər olub.

ABŞ-nin bir çox ölkə ilə ticarət kəsiri mövcuddur, yəni ölkə daha çox alır, nəinki satır. Lakin Avropa ilə vəziyyət fərqlidir.

ABŞ Niderland kimi ölkələrə daha çox ixrac edir. 2023-cü ildə ABŞ-nin Niderlandla ticarət və investisiya əlaqələri 1,077,956 amerikalının məşğulluğunu dəstəkləyib.

Böyük Britaniyaya gəldikdə isə, burada da ticarət profisitlə icra olunub. Yəni britaniyalılar ABŞ-dan daha çox alır, nəinki ora ixrac edirlər. Böyük Britaniyanın Milli Statistika İdarəsi 2023-cü ildə ölkənin ABŞ ilə ticarət profisitinin 71.4 milyard funt sterlinq (88.19 milyard dollar) olduğunu qeyd edib.

Digər tərəfdən, ABŞ-nin İqtisadi Analiz Bürosu (BEA) 14.5 milyard dollar (14.2 milyard avro) profisit qeydə alıb – bu da ABŞ-nin ixracında Birləşmiş Krallığın mühüm yer tutduğunu deməyə əsas verir.

Bütün bunların fonunda Prezident Donald Tramp Avropa mallarına da tariflər tətbiq edəcəyini bildirib.

"Onlar bizim kənd təsərrüfatı məhsullarımızı qəbul etmirlər. Demək olar ki, heç nə almırlar, amma biz onlardan hər şeyi alırıq”,- deyə o jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Trampın tarif siyasətinin əsas səbəbi ABŞ-nin biznes şirkətlərini təşviq etməkdir.

Xarici rəqabəti dəf etmək ABŞ şirkətlərinə kömək etsə də, mütəxəssislər bir sıra risklərə diqqət çəkiblər. Xüsusilə, əgər ABŞ şirkətləri xaricdən mallar almağa davam etsələr, xarici tədarükçülərin qiymətləri eyni səviyyədə saxladığı təqdirdə, onların xərcləri arta bilər. Bəzi ABŞ şirkətləri bu əlavə xərcləri istehlakçılara ötürməyi seçə bilər, bu da malların və xidmətlərin qiymətinin artmasına səbəb ola bilər.

Əgər qiymətlər əhəmiyyətli dərəcədə artarsa, bu, həmçinin Federal Ehtiyat Sisteminin inflyasiyanı nəzarətdə saxlamaq üçün faiz dərəcələrini artırmasına gətirib çıxara bilər. Bu da kreditləşməni məhdudlaşdıracaq, məşğulluğa mənfi təsir göstərəcək.

Tariflərin digər bir təsiri dolların dəyərinin artmasıdır. Bu da amerikalı ixracatçıların məhsullarını qlobal bazarda daha az rəqabətli edə bilər.

Kiel İnstitutu və Bielefeld Universitetinin iqtisadçısı Culian Hinz "Euronews"a bildirib ki, ABŞ-nin yeni tarif siyasətinin Avropaya təsiri məhdud olacaq.


Müəllif: Mirvari Əzizova