13:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində mühüm dəyişikliklərdən biri də vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınan və tam həcmdə gəlirdən çıxılan xərclərə aid edilən malların dairəsinin genişləndirilməsi ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin əməkdaşı Günel Bəhramqızı məlumat verib.

O qeyd edib ki, Vergi Məcəlləsinə əsasən, malların vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi 2 faiz səviyyəsində məhdudlaşdırılır:

“Bu həddən artıq məbləğ gəlirdən çıxılmır. Məcəllədə istisna halları müəyyən edilib ki, sözügedən tələb nağdsız hesablaşmalar haqqında qanunda göstərilən mallara, habelə daşınmaz əmlaka, avtomobil nəqliyyatı vasitələrinə və daşınar əsas vəsaitlərə aid olunmur. Təcrübədə qiymətli daşlar və metalların, onlardan hazırlanmış məmulatların satışı ilə məşğul olan şəxslər həmin malların əhəmiyyətli hissəsini vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı əsasında alırlar. İki faizlik məhdudiyyət bu şəxslərin təqdim etdikləri malların alış dəyərinin gəlirdən çıxılan xərclərə aid edilməsinə imkan vermir.”

Günel Bəhramqızı bildirib ki, Vergi Məcəlləsində son dəyişikliyə əsasən isə qiymətli daşlar və metalların, o cümlədən onlardan hazırlanmış məmulatların satışını həyata keçirən sahibkarların vergi yükünün optimallaşdırılması məqsədilə uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınan məmulatların dəyəri tam həcmdə gəlirdən çıxılan xərclərə aid edilir.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər