2015-ci ilin fevral ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergiödəyicilərin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5375 vergiödəyicidə (yanvar ayında 4940 vergiödəyici) qanunvericiliyin pozulması faktları aşkarlanıb.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, 1035 vergiödəyici tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 167 vergiödəyicinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 701 vergiödəyicinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.
223 vergiödəyici tərəfindən 591 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 231 vergiödəyici tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 65 vergiödəyicidə aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.