17 May 2014 18:51
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samir Əliyev: “Yaxın dövrlərdə əmanət bazarında durğunluq yarana bilər”

Əmanətlərin Sığortalanması Fondu mayın 19-dan etibarən banklarda yerləşdirilən, illik faiz dərəcəsi 9 faizdən çox olan əmanətlərı sığortalamayacaq. Əhalinin ixtiyarında 3 gün qalıb. Bu müddətdə 10 faizlə sığortalanan əmanət yerləşdirə bilərlər.

İqtisadçı-ekspert Samir Əliyevin bildirdiyinə görə, fondun bu addımı ölkə üzrə əmanətlərin orta faiz dərəcəsinin azalmasını stimullaşdıracaq: “Bu situasiyadan yararlanan iri banklar faizləri aşağı salacaqlar, kiçik banklar da məcbur olub böyük bankların ardınca gedəcəklər. Əmanətlərin ucuzlaşması da öz növbəsində, kreditlərin faiz dərəcəsinə az da olsa təsir göstərəcək. Çünki bankların kredit portfelinin təxminən yarısı əmanətlərin hesabına formalaşır və əmanətlərlə kreditlərin faiz dərəcəsində asılılıq var. Elə banklar var ki, bu göstərici 70-80 faiz təşkil edir. Deməli, cəlb edilən resursun ucuzlaşması belə bankların kredit təklifində daha qabarıq görünəcək”.

Hazırda ölkə üzrə əmanətlərin orta faiz dərəcəsi 10 faizə yaxındır. İri banklarda bu göstərici daha az - 8 faizə bərabərdir. Kiçik banklarda isə hətta 13-14 faizə çatır.

Ekspert deyir ki, fondun bu addımından sonra orta faiz dərəcəsi bazarda böyük ehtimalla 9-9,5 faizə düşəcək: “Fondun son addımları kredit bazarında cüzi ucuzlaşma yaratsa da, əmanət bazarının artım tempini zəiflədəcək.

Son illərin statistik məlumatlarının təhlili əmanət qoyuluşunda artım tempində yavaşımanı göstərir. 2010-cu ildə əmanət qoyuluşu 30 faiz, 2011-ci ildə 36 faiz, 2012-ci ildə 24,1 faiz, 2013-cü ildə 25,1 faiz artıb.

2012-ci ildə Mərkəzi Bankın bankların məcmu kapitalına dair tətbiq etdiyi tələbi 10 milyondan 50 milyon manata qaldırması, onun ardınca 2013-cü ilin avqustundan etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 12 faizdən 10 faizə endirilməsi əmanət bazarına mənfi təsir göstərib. Bankların taleyi ilə bağlı qeyri-müəyyənlik əmanətçiləri maksimum ehtiyatlılığa sövq edib və onları gözləmə mövqeyinə çəkib".

Samir Əliyevin sözlərinə görə, baş verənlərin təhlili göstərir ki, yaxın dövrlərdə əmanət bazarında durğunluq yarana bilər: “Artıq bunu şərtləndirən amillər də var. 2014-cü ildə də əmanət bazarını məhdudlaşdıran addımlar atılır. Bir tərəfdən əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlərin faizlərini aşağı salır. Bu, bazarda əmanət faizlərini azaldan səbəbdir. Digər tərəfdən Mərkəzi Bankın məcmu kapitala dair tələbi 2014-cü ilin sonu bitəcək. Deməli, ilin sonuna qədər bankların bağlanma təzyiqi altında olması, xüsusən də 6 bankın bağlanma prosesində olması əmanətçiləri də gərginlikdə saxlayacaq.

Ölkənin 15 ən böyük bankından biri olan “Bank of Azerbaijan”ın düşdüyü vəziyyət bank sektorunda gərginliyi daha da artırır. Təbii ki, baş verən prosesləri yaxından izləyən əhali gözləmə mövqeyinə üstünlük verəcək və prosesin aydınlaşmasını gözləyəcəklər.

Üstəgəl, bu ilin sonu əmanət qoyuluşundan əldə edilən gəlirə tətbiq edilən güzəştin müddəti bitir. Məlum olduğu kimi, uzun müddət idi ki, əmanət faizlərindən vergi tutulmurdu və bu əhalinin gəlirini artırırdı. Hökumətin bu güzəşti növbəti dəfə uzatması ehtimalı azdır.

Yəni “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” qanun qüvvədən düşdükdə 2015-ci ildən başlayaraq əmanət faizlərindən gəlir vergisi tutulacaq. Bütün bunlar əmanətlərdən qazancları və əmanət qoyuluşunun cəlbediciliyini azaldır".

NAİBƏ


Müəllif: