Ankarada Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq təbii qazı Türkiyəyə və Türkiyə üzərindən Avropaya nəql edəcək Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) üzrə Ortaqlıq Anlaşması imzalanıb.
Teleqraf.com-un məlumatına görə, imzalanma mərasimində Türkiyə Respublikası energetika və təbii ehtiyatlar naziri Taner Yıldız, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, BOTAŞ-ın baş icraçı direktoru Mehmet Konuk, TANAP İdarə Heyətinin üzvü Vaqif Əliyev və TANAP-ın baş icraçı direktoru Saltuk Düzyol, “Cənub Qaz Dəhlizi” şirkətinin baş icraçı direktoru Əfqan İsayev iştirak ediblər.
Ortaqlıq Anlaşmasını Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, ARDNŞ prezidenti Rövnəq Abdullayev, TANAP-ın baş direktoru Saltuk Düzyol, “BP-Azerbaijan” şirkətinin rəhbəri Qordon Birrell və BOTAŞ-ın baş direktoru Mehmet Konuk imzalayıblar. Beləliklə, BP şirkətinin TANAP-ın ortaqlarından biri olması rəsmiləşib.
Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP layihəsi üzrə anlaşmanın imzalanmasından sonra ortaqlar arasında paylar belə müəyyənləşdirilmişdir: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.
TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlanlaşdırılır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. 1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq. Boru xətti Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə 20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşacaq və bu nöqtədən etibarən TAP ilə bağlanacaq. Ötən ilin oktyabr ayında imzalanan Ana Xətt Boruları Satınalma Sözləşmələri çərçivəsində ümumi boru həcminin 80%-nin Türkiyə istehsalçıları tərəfindən tədarük edilməsinə və dekabr ayında imzalanan Quru Sahəsi üzrə Boru Xətti İnşaat Sözləşmələri çərçivəsində boru xəttinin Gürcüstan-Türkiyə sərhədindən Eskişehirə qədər olan 56 düym diametrindəki 1334 kilometrlik hissəsinin üç lot halında, aralarında Türkiyə və Azərbaycan podratçılarının çoxluq təşkil etdiyi şirkətlər tərəfindən inşa edilməsinə qərar verilib.
Naibə QURBANOVA