Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Teleqraf.com-un məlumatına görə, kollegiya iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti haqqında Hesabat” geniş müzakirə olunub.
İclasda 2014-cü il üçün iş planına əsasən həyata keçirilmiş nəzarət tədbirlərinin və cari fəaliyyətin, o cümlədən sona çatmış Strateji İnkişaf Planının və beynəlxalq layihənin nəticələri barədə məlumat verilib, müəyyən edilmiş funksiyaların icra vəziyyətinə dair fikir mübadiləsi aparılıb müzakirə olunub. Müzakirələrin sonunda “Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti haqqında Hesabat” təsdiq edilib və hesabatın Milli Məclisdə müzakirə üçün təqdim olunması qərara alınıb.
Kollegiyada həmçinin Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələr üzrə hesabat və rəy, eyni zamanda Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair analitik təhlil üzrə analitik arayış müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında aşağıdakı nəzarət tədbirləri üzrə proqramlar da təsdiq olunub:
- dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Lənkəran şəhər İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair;
- “Azərpoçt” MMC tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair.
Naibə QURBANOVA