7 Aprel 2015 16:07
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin birinci rübü ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 346 cinayət işi başlanıb.

Bu barədə Teleqraf.com-a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.
Həmin cinayət işlərindən 110-u vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar üzrə, 225-i vergi borcunun ödənilməməsi, 11-i əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə, aksiz markası olmadan malların satışı və saxlanılması ilə məşğul olma faktları üzrə operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə dair vergi orqanlarından daxil olmuş materiallar əsasında başlanıb.

Hesabat dövründə Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 13 milyon 72,1 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə çoxdur.

Departamentin istintaq idarəsində 161 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 23 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 112 cinayət işi üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (o cümlədən, 16 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət işlərinə xitam verilib.

İstintaqı tamamlanmış cinayət işləri üzrə 39 nəfər barəsində 30 iş ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 9 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 55 şəxsin məcburi qaydada gətirilməsi, 77 şəxsin tapılaraq istintaqa gəlmələri, 71 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 49 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər