12 Aprel 2015 09:05
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 10-da Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Karlton Universitetində “Xəzər hövzəsi regionunda enerji geosiyasəti” mövzusunda konfrans keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, İki paneldən ibarət konfrans Karlton Universiteti, Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutu, eləcə də Türkiyə və Gürcüstanın Kanadadakı səfirlikləri ilə birgə təşkil edilib. Tədbirə əsasən Karlton Universitetinin müəllim və tələbə heyəti, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də Kanada Xarici İşlər, Ticarət və İnkişaf departamentinin təmsilçilərindən ibarət ümumən 50-ə yaxın iştirakçı qatılıb.

Konfransın ilk paneli “Azərbaycan enerji dövləti kimi: “Əsrin müqaviləsi”ndən TANAP-adək” adlanırdı. Bu paneldə çıxış edən kanadalı mütəxəssis Robert Katler, İstanbulda mərkəzləşən Xəzər Strategiyası İnstitutunun əməkdaşı Əfqan Niftiyev və ABŞ-ın Yaxış Şərq İnstitutunun nümayəndəsi Aleks Vatanka Azərbaycanda neft və qaz hasilatı sənayesinin tarixi və hazırkı durumu, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirən enerji layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP layihələri barədə ətraflı danışıblar. A.Vatanka çıxışında, həmçinin ölkəmizin geosiyasi mövqeyini və bu faktordan irəli gələn xarici siyasətini də təhlil edib, Azərbaycanın dünyəvi dövlət modelinin digər region ölkələri üçün nümunə ola biləcəyini vurğulayıb. O, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi barədə də iştirakçıları məlumatlandıraraq Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanın bu səbəbdən regional enerji layihələrindən təcrid edildiyini diqqətə çatdırıb.

“Xəzər hövzəsi regionunda əməkdaşlıq: enerji üçlüyü və başqaları” adlanan ikinci paneldə isə Türkiyə və Gürcüstan səfirləri Selçuk Ünal və Aleksandr Latsabidze, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli, eləcə də Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyinin rəsmisi Reha Aykul Muratoğlu çıxış ediblər. Onlar konfrans iştirakçılarını Türkiyə, Gürcüstan və Azərbaycanın həm enerji, həm də digər sahələrdə əməkdaşlığı barədə məlumatlandırıblar. Bildirilib ki, bu əməkdaşlıq birgə maraqlara və ümumi tarixə söykənir. Bu kontekstdə hər üç ölkə təmsilçisi əməkdaşlığın hazırkı durumunun bütün tərəfləri qane etdiyini, birgə layihələrin uğurla həyata keçirildiyini və üçtərəfli əməkdaşlığın regionda sülh və təhlükəsizliyə töhfə verdiyini vurğulayıblar. Azərbaycanın müvəqqəti işlər vəkili, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və onun həm regional əməkdaşlıq, həm də iqtisadi mənfəət baxımından əhəmiyyəti barədə ətraflı məlumat verib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.


Müəllif:

Oxşar xəbərlər