Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bağdadda səfərdə olub. Rövnəq Abdullayev səfər zamanı İraqın neft naziri Adel Abd al-Mahdi ilə görüşüb.
Görüşdə neft-qaz sahəsində iki ölkə arasındakı əməkdaşlığın tarixi kökləri və vaxtilə Azərbaycanda İraq üçün mütəxəssislər hazırlanması ətrafında fikir mübadiləsi aparılıb.
Rövnəq Abdullayev,regional və qlobal layihələrdə qazanılmış nailiyyətlər, bu uğurlarda SOCAR-ın rolu, şirkətin fəaliyyəti, ölkə daxilində və xaricdəki aktivləri barədə ətraflı məlumat verib.
Görüşdə neft və qaz sahəsində Azərbaycanla İraq arasında mümkün əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.
Rövnəq Abdullayev İraqın neft nazirini Azərbaycana səfərə dəvət edib.