20 May 2014 18:24
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də dəyişiklik edib.

Dəyişikliyə əsasən xarici diplomatik (səfirliklər, ticarət nümayəndəlikləri, hərbi attaşe, iqtisadi əlaqələr üzrə məsləhətçilər aparatı, həmçinin diplomatik və konsul nümayəndəliklərinin tərkib hissəsi olan digər bölmələr) nümayəndəliklərin əməkdaşlarının və onların ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə “D” seriyalı dövlət qeydiyyat nişanları vermək üçün yalnız Azərbaycan XİN tərəfindən verilmiş qeydiyyata alınma haqqında vəsiqələr təqdim ediləcək. Bundan başqa konsul nümayəndəlikləri, səfir ranqına bərabər sayılan digər beynəlxalq təşkilatlar, həmçinin bu nümayəndəliklərin diplomatik səviyyəli (ranqlı) təşkilatlarının əməkdaşları da bu vəsiqələrdən yararlanır.

XİN diplomatik və konsul nümayəndəliklərinin, digər beynəlxalq təşkilatların inzibati-texniki və xidmət personalının, onların əməkdaşlarının ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə “T” seriyalı dövlət qeydiyyat nişanları vermək üçün qeydiyyata alınma haqqında vəsiqələr təqdim edəcək.

İndiyədək müvafiqə “D” və “T”seriyalı dövlət qeydiyyat nişanları verilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi diplomatik, konsul kartoçkaları təqdim edilirdi.

Bəs bu dəyişikliyin mahiyyəti nədən ibarətdir?

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev əsasnaməyə dəyişikliklə bağlı sənədlə tanış olmadığı bildirib. O Teleqraf.com-a açıqlamasında söyləyib ki, XİN qeydiyyata alınma haqqında vəsiqələrdə diplomatların hansı statusda qeydə alındığı göstərəcək:

“Vəsiqədə diplomat və ya konsul olduğu barədə məlumat qeyd ediləcək. Toxunulmazlıq hüququ varmı-yoxmu, bütün bunlar göstəriləcək. Diplomatlar maşın alırlarsa, o vəsiqəyə uyğun nömrə veriləcək”.
Türkiyənin Azərbaycandakı səfirliyindən bildirdilər ki, adətən, dəyişiklik baş verəndə XİN tərəfindən səfirliyə rəsmi məlumat verilir: “Amma sözügedən dəyişiklik barədə səfirliyə rəsmi sənəd daxil olmayıb”.

Nərgiz


Müəllif: