28 Aprel 2015 11:50
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Proqnozlara görə, 2030-cu ilədək paytaxtın mənzil fondu 65 milyon kvadratmetrə çatacaq

2030-cu il üçün verilən proqnozlara görə, paytaxt sakinlərinin 745 min nəfər artacağı, rəsmən əhali sayının isə 3,35 milyon nəfərə çatacağı gözlənilir. Müvafiq olaraq mənzil fondunun da ikiqat artacağı və 64,147 milyon kvadrat metrə çatacağı bildirilir.

Bununla yanaşı, region üzrə bir nəfərin mənzil təminatı ümumi yaşayış sahəsinin 25 kvadrat metrini təşkil edəcək. Hazırda bu rəqəm 17,3 kvadrat metrdir.

Müstəqillik illərindən bugünədək Azərbaycanda mənzil fondunun 4 dəfə artdığı və bu rəqəmin 162 milyon kvadratmetrə çatdığı söylənilir.

Bəs, görəsən, mənzil fondundan kimlərə ev ayrıla bilər?

Hüquqşünas Müzəffər Baxışov deyir ki, Mənzil Məcəlləsində dövlət mənzil fondunun müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondunun isə məhz bələdiyyələr tərəfindən idarə olunması öz əksini tapıb: “Məcəllənin müvafiq maddəsində çoxmənzilli binaların da konkret kimlər tərəfindən idarə olunması göstərilib. Sənədə əsasən, bu tipli binalar sahə mülkiyyətçiləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, habelə idarəedici təşkilat tərəfindən idarə oluna bilər”.

Mənzil fondundan kimlərə ev ayrıla biləcəyinə gəlincə, ekspert deyir ki, sovet dövründə bu mənzillər ev növbəsində dayananlara və əhalinin güzəştli kateqoriyasına verilirdi: “Bildiyimə görə, bu qaydalar indi də dəyişməyib və aidiyyəti strukturlar mənzillərin bölüşdürülməsi zamanı ev növbəsinə dayananları, habelə əhalinin güzəştli kateqoriyasını mütləq nəzərə almalıdır”.

Ekspert yeni tikilən yaşayış binalarının ölkənin ehtiyat mənzil fonduna aidiyyəti olmadığını vurğuladı: “Baxmayaraq ki, bu binaların bir çoxunun mənzilləri satılmayıb, amma onlar ehtiyat mənzil fondu sayıla bilməz. Çünki bunları özəl tikinti şirkətləri inşa eləyir və istənilən halda onların həmin mənzillərdən sərbəst istifadə etmək səlahiyyətləri var”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsindən isə müstəqillik illərində ölkəmizdə mənzil fondunun 4 dəfə artdığını və bunun ölkə üzrə ümumi yaşayış sahələrini əhatə etdiynini dedilər.

Yəni, həm dövlət qurumlarının balansındakı mənzil fondlarında olan yaşayış sahələri, həm də vətəndaşlar tərəfindən özəlləşdirilən yaşayış sahələri ümumi götürülüb. Hazırda həm Bakı Şəhər İcra Hakimiyyətinin, həm də digər rayon və şəhər icra hakimiyyətlərinin mənzil fondu mövcuddur. Bununla bağlı müvafiq qeydiyyat aparılaraq məlumatlar Statistika Komitəsinə ötürülür.

Komitədən bildirildi ki, özəlləşdirilən və özəlləşdirilməyən bütün evlər mənzil fonduna daxildir: “Mənzil fondu biznes məqsədilə tikilən çoxmərtəbəli binaların və fərdi evlərin hesabına çoxalır. Müstəqillik illərində Azərbaycanda mənzil fondu dörd dəfə artıb və 162 milyon kvadrat metrə çatıb. Bu gün adambaşına düşən mənzil fondu 18 kvadrat metr təşkil edir. Proqnozlara görə, 2030-cu ilədək paytaxtın mənzil fondu indiki 35 milyon kvadratmetrdən 65 milyon kvadratmetrədək artacaq və burada qeyri-adi heç nə yoxdur. Çünki son 20 ildə tikinti-quraşdırma işlərinin həcmi 19 dəfə artıbsa, yaxın 15-20 ildə də davamlı artımın olacağı şübhə doğurmamalıdır”.

Dövlət Statistika Komitəsindən isə sorğumuza cavab olaraq bildirdilər ki, sonuncu hesablama 2013-cü ilə aiddir və həmin göstəriciyə görə, ancaq şəhər yerlərində dövlət mülkiyyətinə məxsus mənzillərin sayı (yataqxanadakı mənzillərdən başqa) 1 milyon 289 min olub.

Əhalinin şəxsi mülkiyyətinə məxsus mənzillərin sayı (yataqxanadakı mənzillərdən başqa) 948.8 min, yaşayış mənzillərinin sayı isə (yataqxanadakı mənzillərdən başqa) 1 milyon 95 min olub.

Naibə


Müəllif: