May ayında Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye nazirinin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Mesaad İbrahim Al-Sulaiminin görüşü zamanı məlumat verilib.
Nazirlikdən Teleqraf.com-a bildiriblər ki, görüşdə Şahin Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı rəsmi səfərlərin, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Səudiyyə Ərəbistanı Krallığına səfərinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi əlaqələr də uğurla davam edir və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var. Şahin Mustafayev neft-kimya, kənd təsərrüfatı, turizm, investisiya qoyuluşu, birgə investisiya fondunun yaradılması və digər sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Səfir Mesaad İbrahim Al-Sulaim ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb, iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Görüşdə Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye nazirinin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçiriləcək biznes forum və ikitərəfli görüşlər barədə ətraflı müzakirələr aparılıb.