Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu mayın 1-də Yevlaxda keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Bərdə, Göygöl, Goranboy və Yevlax rayonlarından, eləcə də Gəncə və Mingəçevir şəhərlərindən olan 70-ə yaxın vətəndaş müraciət etmişdir. Qəbula gələnlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və xidmət sahələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət etmişlər.
Qəbulda vətəndaşların müraciətləri nazir Ş.Mustafayev tərəfindən diqqətlə dinlənilmiş, İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Vətəndaşların əksər müraciətləri yerindəcə həllini tapmış, digər müraciətlərin qanunvericiliyə uyğun operativ araşdırılması və həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən müvafiq tədbirlər görüləcəkdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilmiş, həmin müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınmışdır.
Eyni zamanda, qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilmiş, heyvandarlıq, quşçuluq, istixana təsərrüfatının, iri heyvandarlıq kompleksinin, kiçik ailə fermer təsərrüfatının yaradılması və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.
Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.
Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq etmişlər.