Azərbaycan neft və qaz hasilatından əldə etdiyi gəlirləri qeyri-neft sektorunun inkişafına səmərəli şəkildə yönəldir.
Bu sözləri mayın 5-də Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının yekunları ilə bağlı mətbuat konfransında AİB-nin prezidenti Takehiko Nakao deyib.
Azərbaycanın bu tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə minnətdarlığını bildirən Takehiko Nakao bir çox dünya ölkələrinin artıq Azərbaycanda mövcud olan səmərəli investisiya mühitindən yararlana bildiklərini qeyd edib: “ İlk növbədə, bu toplantı bizim üçün Azərbaycan ilə tərəfdaşlığı daha da möhkəmləndirmək baxımından yaxşı imkan oldu. Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun dəstəklənməsi çox vacibdir. Tədbir çərçivəsində səmərəli müzakirələr aparıldı. Düşünürəm ki, bu müzakirələr qlobal aləmdə əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfələrini verəcək”.
Ölkəmizdə təhsil, infrastruktur, səhiyyə və digər sahələrdə uğurlu layihələr həyata keçirildiyini bildirən Takehiko Nakao Azərbaycan hökumətini bu nailiyyətlər münasibətilə təbrik edib: “Mən ümid edirəm ki, Azərbaycan kimi ölkələr fürsətdən yararlanaraq iqtisadiyyatın şaxələndirilməsini gücləndirəcəklər. Əgər davamlı inklüziv artım müşahidə olunursa, təhsil və səhiyyəyə yardım göstərilirsə ölkədə iqtisadi inkişaf təmin etmək mümkündür”.