5 May 2015 18:07
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 5-də iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematullo Xikmatullozoda ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, Şahin Mustafayev tacikistanlı həmkarını nazir təyin olunması münasibətilə təbrik edib, Azərbaycan və Tacikistan arasında siyasi və iqtisadi əlaqələrin uğurla davam etdirildiyini bildirib. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm əhəmiyyəti vurğulanıb. Azərbaycan iqtisadiyyatı, qazanılan uğurlar barədə məlumatlar qonaqların diqqətinə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan və Tacikistan arasında ticarət, səhiyyə, təhsil, tranzit yükdaşımaları və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar vardır.

Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ölkəmizin ədalətli mövqeyini bir daha vurğulayıb. Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Nematullo Xikmatullozoda Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını, böyük energetika və tranzit imkanlarına malik olduğunu vurğulayıb. Qeyd olunub ki, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısına Azərbaycan uğurla ev sahibliyi edir. Ölkələrimiz arasında sənaye, ticarət, hava nəqliyyatı, humanitar, təhsil, kadr hazırlığı sahəsində əməkdaşlıq imkanlarını qeyd edən Nematullo Xikmatullozoda Azərbaycan nümayəndə heyətini iyun ayında Tacikistanda keçiriləcək Su məsələlərinə dair Konfransa dəvət edib.

Naibə QURBANOVA


Müəllif: