Azərbaycanın energetika naziri Natiq Əliyev mayın 6-7-də Enerji Təhlükəsizliyi Konfransında iştirak etmək üçün Almaniyanın paytaxtı Berlində işgüzar səfərdə olub.
Mayın 6-da Natiq Əliyev konfransın açılış mərasimində iştirak edib. Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç, Almaniyanın İqtisadiyyat və Enerji Nazirliyində dövlət katibi Rayner Baake və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
Maroş Şevçoviç çıxış edərək Avropa Enerji İttifaqının mahiyyəti və məqsədlərindən danışıb. Mərasim çərçivəsində Natiq Əliyev və Maroş Şevçoviç arasında nəzakət görüşü keçirilib.
Konfransın ikinci günündə Natiq Əliyev əvvəlcə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin dəvəti ilə tədbirin yüksək rütbəli iştirakçıları üçün keçirilmiş görüşə qatılıb. Görüşdə, həmçinin Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger, Dünya Enerji Şurasının sədri Mari-Jose Nadeau, Almaniya Xarici İşlər Nazirliyinin Davamlı İnkişaf İdarəsinin rəisi Diter Haller, Rusiya Dövlət Dumasının enerji komitəsinin sədri İvan Qraçyov iştirak ediblər.
Natiq Əliyev “Avropa üçün şaxələnmə strategiyaları: yeni tələblər” adlı panel müzakirəsində məruzə ilə çıxış edib. Nazir Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolu, “Cənub” qaz dəhlizi layihəsi üzrə görülən işlərin gedişi barədə məlumat verib.
Natiq Əliyev Dünya Enerji Şurasının sədri Mari-Joze Nadeau ilə ikitərəfli görüş keçirib. Görüşdə Azərbaycanla Dünya Enerji Şurası arasında əməkdaşlıq imkanları müzakirə edilib. O, eyni zamanda, Almaniyanın nüfuzlu “Handelsblatt” və “Die Zeit” qəzetlərinə müsahibələr verib.
Ənənəvi olaraq hər il Berlin şəhərində Almaniyanın iki nüfuzlu siyasi forumu - Münxen Təhlükəsizlik Konfransı və Frankfurter Allgemeine Forumunun birgə təşkilatçılığı ilə keçirilən Enerji Təhlükəsizliyi Konfransında dünya ölkələrinin hökumət və parlament nümayəndələri, bp, Qazprom, Shell, Total, Statoil kimi enerji konsernlərinin rəhbər şəxsləri, beynəlxalq aləmdə tanınmış ictimai-siyasi xadimlər, aparıcı “beyin mərkəzləri”nin və KİV-lərin təmsilçiləri iştirak edirlər. Builki konfransın mövzusu “Böhranlar və qiymətlər: çoxsaylı qeyri-müəyyənliklər arasında enerji təhlükəsizliyi” olub.