Ötən il Azərbaycanda 42 milyon ton neft hasil olunub ki, bunun da təxminən 34 milyon tonu Azəri-Çıraq-Günəşli (AÇG) və “Şahdəniz” yataqlarının payına düşür.
Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev məlumat verib. Nazir bildirib ki, 2014-cü ildə ölkəmizdə 29,6 milyard kubmetr qaz hasil edilib. Keçən il Azərbaycandan 35 milyon ton neft ixrac olunub. Limanlardan ixraca göndərilən neftin təxminən 67,9 faizi Azərbaycanın payına düşüb. Bu rəqəmlər çox böyük göstəricilərdir Keçən ilin iyun ayından dünya bazarında neftin qiymətləri kəskin şəkildə aşağı düşdüyünü xatırladan nazir deyib: “Neftin qiymətinin azalması müəyyən sahəyə öz təsirini göstərir, ancaq Azərbaycanın iqtisadiyyatı çox möhkəmdir. Biz inanırıq ki, Azərbaycanın mədən neft qaz sənayesi iqtisadi inkişaf üçün çox böyük imkanlar yaradacaq”.