Azərbaycan qazını Avropaya çatdıracaq Transadriatik boru kəmərinin (TAP) inşası Yunanıstanın geosiyasi rolunu gücləndirəcək.
Trend-in Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Afinada keçirilən energetika konfransında TAP konsorsiumun Yunanıstan üzrə direktoru Rikard Skufias deyib.
Boru xəttinin inşasının ekologiyaya təsiri məsələsində Yunanıstan hökuməti və əhalisinin tutduğu ehtiyatlı mövqeyə münasibət bildirən R.Skufias qeyd edib ki, TAP layihəsinin layihələndirilməsi zamanı boru kəmərinin çəkilməsi marşrutu 120 dəfə düzəldilib.
Direktor bildirib ki, boru xətti tamamilə təhlükəsizdir: "Onun keçdiyi ərazi əvvəlki vəziyyətinə, hətta daha yaxşı hala salınacaq. Bəzi hallarda ağaclar kəsiləcək. Ərazinin icarəsi ilə bağlı razılıqda bu məsələyə də qeyd edilib”.
Onun sözlərinə görə, TAP konsorsiumu tikinti işləri başlamamışdan üç ay öncə boru xəttinin keçdiyi sahələrin tutulmasına görə ödəniş edəcək: “Layihənin həyata keçirilməsi üçün təqribən 300 şirkət öz gücünü birləşdirib. TAP strateji cəhətdən Yunanıstan və Avropa üçün əhəmiyyətlidir. Boru xətti əhalinin tələbatını nəzərə almaqla inşa edilir. Layihənin vaxtında başa çatması qarşımızda duran çağırışdır və biz bu istiqamətdə böyük addımlar atmışıq. Ölkə sakinlərinin fikirlərini dinləyirik, bu fikirlərə hörmətlə yanaşırıq və ətraf mühitin mühafizəsi istiqamətində ciddi işlər görürük”.