22 May 2015 11:20
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) üçün Acariya Muxtar Respublikası Gürcüstanın strateji əhəmiyyətli regionudur. Bu barədə Trend-ə bu gün Dövlət Neft Şirkətinin Batumidə açılan nümayəndəliyi ilə bağlı məsələyə münasibətini bildirən “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, SOCAR-ın məhz Batumidə ofisinin açılmasının bir neçə səbəbi var: “Birincisi, Acariya Gürcüstanın Muxtar Respublikasıdır. Bu da o deməkdir ki, onun xüsusi statusu var. Burada Azərbaycan konsulluğu da yerləşir. İkincisi, Azərbaycan nefti Batumi ilə sıx əlaqəlidir. Neft nəql edən ilk boru xətləri buradan keçib. Üçüncüsü, sürətlə inkişaf edən bu region Türkiyə ilə sərhəddə yerləşir. Qonşu ölkələr burada öz iştirakını gücləndirməyə çalışır və Azərbaycan bu proseslərdən kənarda qalmaq istəmir. Ofisin Batuminin mərkəzi küçələrindən birində, Bakı adlanan ilk bulvar xəttində yerləşmə faktı da təsadüfi deyil”.

M.Məmmədov həmçinin qeyd edib ki, əhəmiyyətli səbəblərdən biri də məhz SOCAR-ın bu regionu qazlaşdırmağa başlamasıdır: “Qazlaşdırma proqramını başlayanda Acariyada demək olar ki, qaz yox idi. Hazırda SOCAR-ın burada təqribən 47 min aktiv abunəçisi var və ilin sonuna kimi bu göstəricini 55-60 min nəfərə çatdırmağı planlaşdırırıq. Əlbəttə, bununla qazlaşdırma proqramı başa çatmayacaq. Nəzərə almaq lazımdır ki, Acariya dağlıq regiondur. Ona görə indi biz bütün Acariya üzrə maksimum istifadəçi sayına çatmağa çox yaxınıq”.


Müəllif:

Oxşar xəbərlər