İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı, Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tovuzda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, “Sahibkarların hüquqlarının qorunması”, “Biznesin əsasları, təşkili və idarə edilməsi”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularını əhatə edən treninqdə sahibkarların hüquqlarının qorunması, bu sahədə beynəlxalq təcrübə, biznes mühiti, biznesin növləri, biznesin idarə edilməsinin təşkili, biznesdə insan resurslarının səmərəli idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.
Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.