3 İyun 2015 20:38
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunu qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Rumıniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb, “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”nin imzalanmasının ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfə verdiyi qeyd edilib.

Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edən Ş.Mustafayev komissiyanın növbəti iclasının sentyabrda keçirilməsini təklif edib.

Nazir Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

Rumıniyanın Azərbaycandakı səfiri D.Çiobanu qəbula görə təşəkkürünü bildirib, ölkələrimiz arasında dostluq münasibətlərini qeyd edib. Bakıda keçiriləcək I Avropa Oyunlarında Rumıniyanın 200-dən çox idmançı, eləcə də rəsmi şəxslərlə təmsil olunacağını diqqətə çatdıran səfir qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Diplomat iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün imkanları qeyd edib.

Görüşdə Azərbaycan və Rumıniya arasında əməkdaşlığın genişləndirilməsi, Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


Müəllif: