Azərbaycan Respublikasına səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsinin 21.1 bəndinə əsasən Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir).
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mehmanxana və mehmanxana tipli obyektlərdə qalan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər qaldıqları mehmanxana üzrə müvafiq qaydada qeydiyyata alınırlar.
Mehmanxana və mehmanxana tipli obyekt olmayan fərdi yaşayış evlərində, mənzillərdə və digər yerlərdə qalan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması üçün e-reg.migration.gov.az:8080/DMXERegistrationApp/ linkindən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.
Qanunun müvafiq maddəsinin tələblərinə əməl edilmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məbləğdə cərimə tətbiq olunur.