7 İyun 2015 14:58
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) istehsalat obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, eləcə də mövcud infrastrukturlarda yenidənqurma işlərinin aparılması məqsədi ilə təsdiq edilmiş Tədbirlər Proqramı çərçivəsində işlər uğurla davam etdirilir. Mədənlərarası və meydançalararası əlaqələri yaxşılaşdırmaq, əməyin mühafizəsini və təhlükəsiz iş şəraitini təmin etmək üçün yeni estakadalar tikilir, mövcud estakada və meydançalarda təmir-bərpa işləri görülür. 410-450 saylı meydançalar arasında əvəzedici estakadanın tikintisi isə uğurla davam etdirilir.

SOCAR-ın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, 4 kompleksdən ibarət layihə çərçivəsində ümumi uzunluğu 2 min 597 metr olacaq estakadanın 609 metrlik hissəsi artıq tikilib. 410-423 saylı meydançalar arasında 760 metr uzunluğunda əvəzedici estakadanın 510 metrlik hissədində də inşaat işləri başa çatdırılıb. 1323 metr uzunluğunda olan 682-485 saylı meydançalararası əvəzedici estakadanın tikintisi isə yekunlaşmaq üzrədir.

İndiyədək ümumi uzunluğu 1256 metr olan estakada tikilib. Bundan başqa 272, 307, 283, 287, 432, 485, 604 saylı estakadayanı meydançalarda qazpaylama sistemində yenidənquruma işləri aparılır. Hazırda ümumi uzunluğu 22,2 kilometr müxtəlif diametrli sualtı neft-qaz xətlərinin çəkilişi də uğurla davam etdirilir.


Müəllif: