Bakı Apelyasiya Məhkəməsində “Royal Bank” ASC-nin Xəzər filialının sabiq müdiri Rinad Məmmədov və digər şəxslərin apelyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, “Royal Bank” ASC-nin Xəzər filialının sabiq müdiri Rinad Məmmədov, filialın xəzinədarı Rasif Əliyev, mütəxəssisi Ayaz Şirəliyev və qeyriləri qabaqcadan əlbir olaraq pul vəsaitlərinin vətəndaşlara verilməsi barədə saxta kredit müqavilələri, məxaric orderləri və sair rəsmi sənədlər tərtib etməklə 459 min 571 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rinad Məmmədov, Rasif Əliyev, Ayaz Şirəliyev, Ramin Kərimov 3 il, Tamara Quliyeva, İftixar Həsənov, Orxan Ağayev, Samir Atakişiyev 2 il sınaq müddəti olmaqla şərti cəza alıblar. Digər təqsirləndirilən şəxslər Rafuf Qasımov və Mübariz Bayramovun hər birinin barəsində 1000 manat cərimə cəzası kəsilib.
Məhkəmənin hökmündən narazı qalan Baş prokurorluq apelyasiya protesti verib. Prokurorluq təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyiblər. Həmçinin təqsirləndirilən şəxslər də apelyasiya şikayəti veriblər və barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayəti üzrə qərar elan edilib. Qərara görə, prokurorluğun protesti təmin edilib. Məhkəmənin qərarı ilə Rasif Əliyevin, Ayaz Şirəliyevin, Ramin Kərimov və Hüseyn Apışovun barəsində təyin edilmiş Cinayət Məcəlləsini 70-ci (şərti məhkum etmə) maddəsi hökmdən xaric edilib. Onlar məhkəmə zalından həbs ediliblər. Hökm qalan hissədə dəyişdirilməyib.
Hacı Zeynalov