Bu gün Bərdə rayonunun Qullar kəndinə, eləcə də Beyləqan rayonunun Örənqala və Baharabad kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.
Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, açılış mərasimlərində həmin rayonların İcra hakimiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 124 abonenti olan Bərdə rayonunun Qullar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 3176 metr müxtəlif diametrli polietilen və uzunluğu 8307 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 124 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
361 abonenti olan Beyləqan rayonunun Örənqala kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 15 095 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 361 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. 135 abonenti olan Baharabad kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında uzunluğu 8076 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 135 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.