10 İyul 2015 16:16
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin 2-3 iyul tarixlərində Niderland Krallığının Rotterdam şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) 19-cu Baş Assambleyası keçirilib.

Azərbaycan Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə 46 ölkədən və 11 beynəlxalq və regional təşkilatdan 180-dən çox nümayəndə və vergi tədqiqatçıları iştirak ediblər.

Vergilər Nazirliyini tədbirdə Beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə nazirin müşaviri Ələkbər Məmmədov və Beynəlxalq münasibətlər idarəsinin rəisi Orxan Musayev təmsil ediblər.

Baş Assambleyanın əsas müzakirə mövzusu özünəxidmət vasitəsilə vergi əməletməsinə nail olmaq, rəqəmsal özünəxidmət kanallarından istifadənin artırılması və müsbət təsiri nəticəsində yaranan imkanların və üstünlüklərin işıqlandırılması olub. Tədbirin plenar sessiyasında Vergilər Nazirliyinin nümayəndəsi “Sosial stimullar vasitəsilə vergi əməletməsinin təmin edilməsi: vergi orqanlarının rolu” mövzusunda təqdimatla çıxış edib, sessiyanın yekun nəticələrinə dair iclasda sədrlik edib. Təqdimat zamanı sosial tərəfdaşlığın gücləndirilməsi sahəsində Vergilər Nazirliyinin həyata keçirdiyi layihələr, o cümlədən, sosial stimullar vasitəsilə vergilərin məcburi yığılmasından könüllü ödənilməsinə keçidin təmin edilməsi istiqamətləri vurğulanıb.

Sonra Assambleyanın iclasında 2015-2016-cı il üçün İOTA Prezidenti, İcraiyyə Şurasının üzvləri və daxili auditorların müəyyən edilməsi üzrə seçkilər keçirilib. Rumıniya Respublikasının Maliyyə İnzibatçılığı üzrə Milli Agentliyinin nümayəndəsi IOTA-nın Prezidenti seçilib. Eyni zamanda, seçkinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Niderland, Avstriya, Çex Respublikası, İspaniya, Fransa, Sloveniya, Danimarka və Rumıniyanın vergi orqanları ilə birlikdə növbəti bir illik müddət üçün İOTA-nın İcraiyyə Şurasına üzv seçilib.


Qeyd edək ki, 2013-cü ildə keçirilən IOTA-nın 17-ci Baş Assambleyasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi MDB ölkələri arasında IOTA-nın İcraiyyə Şurasına üzv seçilmiş ilk vergi administrasiyası olub. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Şuradakı fəaliyyəti ilə üzv ölkələrin etimadını qazanıb və bununla da artıq 3-cü dəfə ardıcıl olaraq İcraiyyə Şurasının üzvü seçilir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər